
20 sentyabr qələbəsi təkcə siyasi və hərbi əhəmiyyət daşımır, həm də xalqımızın əsrlər boyu formalaşmış milli-mədəni irsinin, tarixi yaddaşının qəti xilası deməkdir. Otuz illik işğal və separatizm dövründə Qarabağ və Şərqi Zəngəzurda yerləşən yüzlərlə tarixi abidəmiz, məscidlərimiz və muzeylərimiz vəhşicəsinə dağıdılmış, mənimsənilmişdir. Antiterror tədbirləri nəticəsində mütləq suverenliyin təmin olunması bu mədəni soyqırımına birdəfəlik son qoyaraq, tarixi ədaləti mədəniyyət müstəvisində də bərqərar etdi.
Prezident İlham Əliyev hər zaman xüsusi vurğulayır ki, torpaqların azad edilməsi ilə bərabər, o torpaqlardakı milli ruhun və mədəniyyətin dirçəldilməsi dövlətimizin ən ali məqsədlərindəndir. Məhz Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlar əsasında bu gün azad edilmiş ərazilərdə, xüsusən də mədəniyyət paytaxtımız Şuşada genişmiqyaslı bərpa və konservasiya işləri həyata keçirilir. Bu proseslər əzəli torpaqlarımızın tarixi simasını özünə qaytarır və xalqımızın o yerlərdəki minillik izlərini yenidən canlandırır.
Suverenliyimizin tam bərpası həmçinin beynəlxalq təşkilatların diqqətini bu ərazilərdəki mədəni irsə cəlb etməyə və erməni vandalizminin fəsadlarını dünya ictimaiyyətinə faktlarla təqdim etməyə tam şərait yaratdı. Artıq heç bir kənar qüvvə həmin ərazilərdəki tarixi abidələrimizin saxtalaşdırılmasına cəhd edə bilməz. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mədəni siyasət nəticəsində Şuşada, Ağdamda, Füzulidə təşkil edilən beynəlxalq festivallar bu torpaqların əsl sahibinin kim olduğunu dünyaya bəyan edir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü mənəviyyatımızın, milli mədəniyyətimizin öz ocağına qürurla qayıtdığı əlamətdar bir tarixdir. Prezident İlham Əliyev qətiyyəti ilə qorunan və bərpa edilən bu mədəni irs, gələcək nəsillərə qoyulan ən böyük xəzinə, Azərbaycanın sarsılmaz milli ruhunun əbədi təcəssümüdür.
Regina Kovalyova,
YAP Nizami rayon təşkilatının fəalı


