
20 sentyabr 2023-cü il tarixi Cənubi Qafqazın siyasi arxitekturasında tektonik dəyişikliklərin baş verdiyi an kimi səciyyələndirilməlidir. Bu hadisə sadəcə qeyri-qanuni xuntanın tərksilah edilməsi deyil, qlobal və regional güclərin bölgədəki hərbi-siyasi mövcudluq mexanizmlərinin yenidən formatlanması idi. Prezident İlham Əliyev tərəfindən irəli sürülən mütləq suverenlik doktrinası “dondurulmuş münaqişə” paradiqmasını qəti şəkildə dağıdaraq, beynəlxalq hüququn praqmatik tətbiqi üçün yeni bir presedent yaratdı.
Uzun illər ərzində bəzi xarici dövlətlər tərəfindən manipulyasiya aləti kimi istifadə olunan Qarabağdakı qondarma qurumun ləğvi Azərbaycanın daxili siyasi qətiyyətinin beynəlxalq təsirlərdən nə dərəcədə izolə edildiyini göstərdi. Prezident İlham Əliyev beynəlxalq vasitəçilərin otuz illik fəaliyyətsizliyini “Dəmir Yumruq” siyasəti ilə əvəzləyərək sübut etdi ki, ərazi bütövlüyünün bərpası beynəlxalq konyunkturadan asılı edilə bilməz. Bu doktrina Azərbaycanı yalnız obyekt deyil, regionun əsas geosiyasi subyektinə və oyun qurucusuna çevirdi.
Əməliyyatın xronometrajı və icra mexanizmi dövlət başçısının qlobal siyasi kataklizmləri (Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginlik və Qərbin qütbləşməsi) öz xeyrinə necə peşəkarcasına yönləndirdiyini əyani sübut edir. Prezident İlham Əliyev beynəlxalq diqqətin dağınıqlığından və qlobal sistemdəki boşluqlardan istifadə edərək ən optimal hərbi-siyasi qərarı ən doğru zamanda qəbul etdi. Nəticədə Azərbaycan heç bir legitim beynəlxalq sanksiyaya və ya əsaslı siyasi qınağa məruz qalmadan öz ali məqsədinə çatdı.
Beləliklə, Dövlət Suverenliyi Günü təkcə hərbi qələbənin yox, həm də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən realpolitik (real siyasət) modelinin mütləq təntənəsidir. Bu tarixi gün ölkəmizin beynəlxalq münasibətlər sistemindəki çəkisini tam fərqli bir ölçüyə daşıyaraq suveren qərar qəbuletmə mexanizminin yenilməzliyini bütün dünyaya nümayiş etdirmişdir.
Rəşad Hüseynəliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 185B” ərazi partiya təşkilatının sədri


