
“Bəzən bir gün bütöv bir dövrün siyasi yekununa çevrilir. 20 Sentyabr Azərbaycan üçün məhz belə tarixdir. Bu tarix üç onillik ərzində davam edən ərazi münaqişəsinin Azərbaycanın dövlət suverenliyi müstəvisində yekunlaşdığı gündür”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycanın müasir tarixində 20 Sentyabrın siyasi çəkisini anlamaq üçün 2020-ci ildən 2023-cü ilin sentyabrınadək keçilən yola baxmaq kifayətdir. 2020-ci ilin Vətən müharibəsi ərazi bütövlüyünün bərpasına yol açdı. 19–20 sentyabr 2023-cü il hadisələri, 23 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Bu nəticənin arxasında isə yalnız hərbi güc dayanmadı. Onun siyasi təməlində illər ərzində formalaşdırılmış dövlət strategiyası vardı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi və hərbi imkanlarını gücləndirdi, beynəlxalq münasibətlər sistemində öz mövqelərini möhkəmləndirdi və Qarabağ məsələsində siyasi xəttini ardıcıl şəkildə davam etdirdi. 2020-ci ilin Zəfəri bu strategiyanın hərbi mərhələsini, 20 Sentyabr isə onun suverenlik mərhələsini tamamladı.
“Azərbaycan 20 Sentyabrda uzun illər mövcud olmuş “ikili reallıq” anlayışına da son qoydu. Ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində paralel siyasi-hərbi strukturun mövcudluğu artıq tarixə çevrildi. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, 20 sentyabrdan sonra “boz zonalar” və qanunsuz strukturlar qalmadı. Bu hadisənin siyasi əhəmiyyəti də məhz buradadır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, suverenlik dövlətin öz ərazisində qanunun aliliyini təmin etmək, təhlükəsizlik siyasətini müstəqil müəyyənləşdirmək və dövlət idarəçiliyini bütün ölkə üzrə həyata keçirmək imkanının ifadəsidir. 20 Sentyabr Azərbaycanın bu imkanını tam şəkildə reallaşdırdığı tarixdir.
Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşısında duran məsələ artıq Zəfərin yaratdığı yeni reallıqları gələcəyin inkişaf modelinə çevirməkdir. Çünki tarixi qələbənin həqiqi gücü onun nəticələrinin uzunmüddətli dövlət siyasətinə çevrilməsində görünür. 20 Sentyabr bu baxımdan bir son deyil. Bu, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə tarixindən suverenliyini möhkəmləndirən, quruculuq və inkişaf mərhələsinə keçidinin siyasi rəmzidir.

