AnalitikaGündəmSiyasət

To Lamın Azərbaycana rəsmi səfəri Azərbaycan–Vyetnam münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsini müəyyənləşdirdi

Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər qarşılıqlı etimada və səmimi tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmləndirilməsi kontekstində xüsusi əhəmiyyət daşıyır və uzunmüddətli əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsində vacib rol oynayır. Səfər çərçivəsində aparılan yüksək səviyyəli danışıqlar nəticəsində imzalanan sənədlər Azərbaycan ilə Vyetnam arasında hüquqi və siyasi əlaqələrin daha da dərinləşməsinə zəmin yaradacaq. Xüsusilə, “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” gələcəkdə ikitərəfli münasibətlərin sistemli və davamlı inkişafına xidmət edəcək siyasi-hüquqi çərçivəni təmin edir. Bu sənəddə tərəflərin suverenlik, bərabərlik və beynəlxalq hüququn əsas prinsiplərinə sadiqliyi öz əksini tapır. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu sənəd Azərbaycan–Vyetnam münasibətlərinin yeni mərhələyə keçidini təsdiqləyən əhəmiyyətli siyasi addımdır. İmzalanmış sənədlər ticarət dövriyyəsinin artırılması, nəqliyyat və logistika sahələrinin genişləndirilməsi, energetika sektorunda texnologiya və təcrübə mübadiləsi, eləcə də mədəniyyətlərarası dialoqun gücləndirilməsi kimi sahələri əhatə edir. Bu isə onu göstərir ki, iki ölkə arasındakı əməkdaşlıq yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi və sosial sahələrdə geniş miqyasda inkişaf edəcəkdir.

Azərbaycanın çevik və strateji xarakterli enerji siyasəti qlobal miqyasda nümunə kimi qəbul edilir. SOCAR ilə Vyetnamın “PetroVietnam” şirkəti arasında imzalanan Anlaşma Memorandumu energetika sahəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi baxımından əhəmiyyətlidir. Neft və qaz sənayesində zəngin təcrübəyə malik olan hər iki ölkə birgə investisiya və texnoloji əməkdaşlıq əsasında yeni layihələrin icrasını planlaşdırır. Bərpaolunan enerji və rəqəmsal inkişaf sahələrində imzalanmış sənədlər də diqqəti cəlb edir. Hər iki dövlət yaşıl enerji keçidinə önəm verir və bu istiqamətdə birgə günəş, külək və hidroenerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycanın yaşıl enerji zonalarının yaradılması və xarici sərmayədarlar üçün yaradılan əlverişli investisiya mühiti Vyetnam üçün də cəlbedici imkanlar təqdim edir.

To Lamın Azərbaycana rəsmi səfəri göstərdi ki, Asiya ilə Qafqaz arasında yeni strateji əməkdaşlıq modeli formalaşmaqdadır. Bu model regional sabitlik və qlobal enerji təhlükəsizliyi baxımından da əhəmiyyətli rol oynayacaq. Tərəflər arasında olan qarşılıqlı hörmət, siyasi iradə və ortaq maraqlar bu tərəfdaşlığın davamlı və səmərəli şəkildə inkişafına zəmin yaradır.

Nəzrin Bayramova
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button