
7 may 2025-ci il tarixində imzalanmış sənədlər arasında xüsusi əhəmiyyət daşıyan iki razılaşma — arxiv işi və informasiya sahəsində əməkdaşlıq — Azərbaycan və Vyetnam arasında tarixi və media əlaqələrinin möhkəmləndirilməsi baxımından diqqətəlayiqdir. Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsi arasında imzalanan Anlaşma Memorandumu, sənəd irsinin qorunması, rəqəmsallaşdırılması və tədqiqi istiqamətində birgə işlərin başlanmasını nəzərdə tutur.
Bu əməkdaşlıq hər iki ölkənin tarixi yaddaşını müasir texnologiyalar vasitəsilə daha əlçatan etməyə yönəlib. Arxiv sahəsində təcrübə və metodologiya mübadiləsi, həmçinin birgə sərgilərin və elmi konfransların təşkili planlaşdırılır. Sənədlərin qorunması və bərpası sahəsində ixtisaslaşmış kadrların qarşılıqlı səfərləri də bu razılaşma çərçivəsində həyata keçiriləcək.
Digər tərəfdən, Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Vyetnam İnformasiya Agentliyi arasında imzalanan əməkdaşlıq sazişi, media sahəsində informasiya axınının güclənməsinə xidmət edir. Bu sənəd əsasında iki agentlik arasında xəbər materiallarının mübadiləsi, ortaq informasiya layihələrinin hazırlanması və jurnalistlərin ixtisasartırma proqramları nəzərdə tutulur.
Bu razılaşmalar göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri təkcə iqtisadi və siyasi sahələrlə məhdudlaşmır. Tarix və informasiya sahəsində bu tipli əməkdaşlıqlar, ölkələrin mədəni kimliyini qorumaqla yanaşı, beynəlxalq informasiya məkanında birgə səs çıxarmaq imkanını da gücləndirir.
Günay Şahverdiyeva,
YAP Xəzər rayon təşkilatının fəalı