
2026-cı il yanvarın 20-də Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sisteminə dair mühüm mesajlarla yadda qaldı. Prezidentin çıxışı qlobal siyasətdə baş verən dərin dəyişiklikləri, beynəlxalq hüququn zəifləyən rolunu və dövlətlərin milli maraqlar əsasında formalaşan yeni strategiyalarını aydın şəkildə ortaya qoydu. Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, beynəlxalq hüquq normaları artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq və dəyişməz qayda kimi qəbul edilmir.
Bu reallıq son illərdə baş verən münaqişələr, selektiv yanaşmalar və ikili standartlar fonunda daha qabarıq şəkildə özünü göstərir. Dövlət başçısının fikrincə, bu vəziyyət beynəlxalq münasibətlər sistemində ciddi transformasiyaya səbəb olub və nəticədə yeni bir dövr – güc balansına əsaslanan münasibətlər mərhələsi formalaşır. Bu kontekstdə Prezident İlham Əliyev Azərbaycanın strateji yolunu xüsusi olaraq qeyd etdi. O bildirdi ki, ölkəmizin əsas məqsədi milli maraqlar əsasında konkret nəticələr əldə etmək olub və bu proses beynəlxalq hüquqa tam riayət etməklə həyata keçirilib.
Azərbaycanın atdığı bütün addımlar – istər siyasi inkişaf istiqamətində aparılan islahatlar, istərsə də suverenliyin və ərazi bütövlüyünün bərpası – beynəlxalq hüququn prinsiplərinə və ümumbəşəri dəyərlərə uyğun olub. Bu yanaşma Azərbaycanın haqlı mövqeyini həm regional, həm də qlobal səviyyədə möhkəmləndirib. Prezidentin müsahibəsində xüsusi diqqət çəkən məqamlardan biri də beynəlxalq münasibətlərin hazırkı mərhələsinin “qanunun aliliyi” deyil, “güc qaydası” ilə xarakterizə olunması idi.
Dövlət başçısı bu tendensiyanın dünyanın müxtəlif bölgələrində açıq şəkildə müşahidə edildiyini qeyd edərək, dövlətlərin artıq idealist yanaşmalardan daha çox realist strategiyalara üstünlük verdiyini vurğuladı. Bu isə hər bir ölkənin öz potensialını düzgün qiymətləndirməsini və ona uyğun siyasət yürütməsini zəruri edir. Azərbaycanın bu reallığı vaxtında dərk etməsi və adekvat strategiya formalaşdırması Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasətin əsas üstünlüklərindən biri kimi təqdim olundu. Dövlət başçısı bildirdi ki, hər bir ölkə ilk növbədə öz regionunda, daha sonra isə qlobal müstəvidə mümkün qədər çox tərəfdaşla qarşılıqlı hörmətə və maraqlara əsaslanan münasibətlər qurmalıdır. Azərbaycan məhz bu prinsipə sadiq qalaraq balanslı, praqmatik və çoxşaxəli xarici siyasət xətti yürüdüb. Bu siyasətin nəticəsi olaraq Azərbaycan bu gün regionda etibarlı tərəfdaş, beynəlxalq arenada isə sözünə və mövqeyinə hörmət edilən dövlət kimi tanınır. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və regional əməkdaşlıq platformaları Azərbaycanın beynəlxalq sistemdə rolunu daha da gücləndirib.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan yalnız dəyişən dünya nizamına uyğunlaşmır, eyni zamanda bu prosesdə aktiv subyekt kimi çıxış edir. Nəticə etibarilə, Davosda “Euronews”ə verilən bu müsahibə Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi, həyata keçirdiyi strateji xətti və gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar bir daha təsdiqləyir ki, dəyişən dünyada uğur qazanmağın əsas yolu milli maraqlara əsaslanan, realist və hüquqa söykənən siyasət yürütməkdən keçir.
İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



