AnalitikaGündəmSiyasət

Davosdakı müsahibə və müzakirələr Prezident İlham Əliyevin beynəlxalq arena və dünya iqtisadi forumlarında önəmli platforma olduğunu bir daha təsdiqləyib

20 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (World Economic Forum 2026) çərçivəsində Avropa telekanalı “Euronews”-a eksklüziv müsahibə verib. Müsahibə beynəlxalq medianın diqqət mərkəzinə çevrilmiş, həm beynəlxalq, həm də regional siyasətə dair dərin məzmunlu bəyanatlar əks etdirib. İlkin olaraq jurnalist Azərbaycan Prezidentini mövcud beynəlxalq sistemin yenidən formalaşması kontekstində müsahibəyə dəvət edib. Prezident Cənab İlham Əliyev bu çərçivədə dünyada beynəlxalq münasibətlərin struktur dəyişikliklərindən bəhs edərək bugünkü dünyanın yeni bir mərhələyə keçdiyini vurğulayıb.

O bildirib ki, bu yeni mərhələdə “qanunun aliliyi” prinsipi bir çox hallarda əvvəlki kimi dominant rol oynamır və dünya siyasətində “güc qaydası”nın təsirinin artdığı müşahidə olunur. Prezident Cənab İlham Əliyev qeyd edib ki, beynəlxalq hüquq normalarının bütün aktorlar üçün universal şəkildə tətbiq olunmadığı bir reallıq var və buna görə də ölkələr öz milli strategiyalarını öz potensialı və maraqları əsasında qurmalıdırlar. Azərbaycan da bu yeni reallıqlara uyğunlaşmaq məqsədilə uzunmüddətli və balanslı xarici siyasət həyata keçirir. Müsahibə zamanı Azərbaycan Prezidentinin diqqət çəkdiyi əsas məqamlardan biri də Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində artan rolu olub.

Əliyev bildirib ki, Azərbaycan Cənubi Qafqazda yeganə enerji resurslarına malik ölkədir və bu resursları ixrac edir. O əlavə edib ki, bu gün Azərbaycan təbii qazını 16 ölkəyə ixrac edir, onlardan 10-u Avropa İttifaqı üzvüdür, bu da ölkənin qlobal enerji bazarlarında əhəmiyyətli rol oynadığını göstərir Prezidentin müsahibəsində vurğulanan başqa bir vacib məqam Azərbaycanda enerji infrastrukturunun inkişafı və ixrac səviyyəsinin artmasıdır. Dövlət başçısı bildirib ki, ölkənin mövcud qaz nəqli sistemi, müasir boru kəmərləri və geniş beynəlxalq əlaqələri Avropanın enerji təhlükəsizliyini möhkəmləndirir və eyni zamanda Azərbaycan üçün premium bazarlara çıxış imkanı yaradır. Müsahibədə regional sabitlik məsələləri də geniş müzakirə olunub. Prezident Cənab İlham Əliyev qeyd edib ki, Azərbaycan qonşuluqda və regionda sabitlik və proqnozlaşdırılma prinsiplərinin qorunmasına böyük önəm verir.

O, xüsusilə İranda müəyyən qeyri-sabitlik müşahidə olunduğunu vurğulayıb və bildirib ki, Azərbaycanın əsas prioritetlərindən biri qonşuluqda təhlükəsizlik və sülhün təmin olunmasıdır. Azərbaycan-Avropa münasibətlərinə dair suallara cavabında Prezident Cənab İlham Əliyev bildirib ki, Azərbaycan artıq uzun illərdir ki, Avropa Parlamentinin tənqidlərinə reaksiya vermir. Dövlət başçısı bu tənqidlərin qərəzli olduğunu və Azərbaycanın müstəqil siyasətini düzgün qəbul etmədiyini qeyd edib. O əlavə edib ki, Azərbaycan Avropa Komissiyası ilə əməkdaşlığa davam edir və bu əməkdaşlıq ölkə üçün kifayət qədər faydalıdır.

Müsahibədə həmçinin qeyd olunub ki, Azərbaycan-Ermənistan münasibətlərində də irəliləyiş var və Cənubi Qafqaz yeni bir inkişaf mərhələsinə daxil olub. Prezident Əliyev bölgədə sülh və əməkdaşlıq perspektivlərini vurğulayaraq, əvvəlki illərdə yaşanan münaqişələrin artıq tarixə qovuşduğunu və yeni bir dövrün başladığını bildirib. Prezident Cənab İlham Əliyevin müsahibəsi yalnız siyasi bəyanatlardan ibarət olmayıb, həm də iqtisadi inteqrasiya, strateji əlaqələr və qlobal bazarlarda Azərbaycanın rolunu dəyərləndirən geniş kontekstdə aparılıb. Dövlət başçısı bildirib ki, ölkə iqtisadiyyatının diversifikasiyası və beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün vacib prioritetdir və bu sahədə artıq mühüm uğurlar əldə olunub.

Müsahibədən sonra Prezident İlham Əliyev “Euronews” telekanalının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib. Bu tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələri ilə qarşılıqlı müzakirələr aparılıb və Azərbaycanın iqtisadi imkanları, investisiya mühiti və regional əməkdaşlıq perspektivləri müzakirə olunub.Davosdakı müsahibə və müzakirələr Prezident İlham Əliyevin beynəlxalq arena və dünya iqtisadi forumlarında Azərbaycanın baxışlarını daha geniş auditoriyaya çatdırmaq üçün önəmli platforma olduğunu bir daha təsdiqləyib. Dövlət başçısının bu çıxışı Azərbaycanın qlobal siyasətdə artan nüfuzunu və regionda müsbət dinamikanı nümayiş etdirir.

Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button