
Tarixə nəzər salanda aydın görünür ki, bu gün qürurla bəhs etdiyimiz hər bir möhtəşəm Zəfərin, dövlətçilik uğurumuzun və milli intibahımızın ilkin təməl daşı Yeni Azərbaycan Partiyasının təsis qurultayı olmuşdur. Möhtərəm Prezidentimiz, Partiyamızın Sədri cənab İlham Əliyevin dediyi kimi, bizim qələbələrimizin başlanğıcı məhz Yeni Azərbaycan Partiyasının təsis qurultayı və ondan sonrakı dövr idi. O tarixi gündə atılan uzaqgörən addımlar Azərbaycanın taleyində yeni bir səhifə açdı və dövlətimizi addım-addım bu gün gördüyümüz qüdrətli zirvəyə yüksəltdi.
Partiyamızın Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, ideoloji işimiz, o cümlədən partiya fəallarının fəaliyyəti elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən genişmiqyaslı işlər və cəmiyyətimizdəki çox müsbət ab-hava daim ictimai müzakirələrin mərkəzində olsun. Şəffaf, fakta söykənən və xalqın ürəyinə yol tapan səmimi ideoloji fəaliyyət cəmiyyətimizin mənəvi gücünü və həmrəyliyini daha da möhkəmləndirir.
Lakin qazandığımız bu tarixi nailiyyətlər müəyyən xarici dairələri narahat edir. Prezident İlham Əliyevin xüsusi olaraq diqqətə çatdırdığı kimi, Qərb ölkələrində azərbaycandilli resursların yaradılması heç də təsadüfi deyil. Bu resursların əsas məqsədi xalqımızın sarsılmaz birliyini zədələmək, Azərbaycanı özlərinə tabe etdirmək, bizi min bir əziyyətlə qazandığımız müstəqillik yolumuzdan döndərmək və nəhayət, ölkəmizi idarə etməkdir.
Məhz buna görə də ideoloji cəbhə ölkəmizin fiziki təhlükəsizliyi qədər önəmli və strateji bir sahədir. Dövlət başçımızın bəyan etdiyi kimi, bu həyati önəm daşıyan işin mərkəzində əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri durmalıdır. Partiyamızın hər bir nümayəndəsi öz prinsipial mövqeyi və səmimi vətənpərvərliyi ilə həqiqətlərimizi cəsarətlə müdafiə etməli, milli maraqlarımızın və müstəqilliyimizin etibarlı sipəri olduğunu praktiki işi ilə sübut etməlidir.
Rəşadət Xalıqov,
YAP Nizami rayon təşkilatının sədr müavini



