Kəlbəcər Zəfər tariximizin ayrılmaz səhifəsidir

Azərbaycanın müasir tarixində 2020-ci il Vətən müharibəsi xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və Ordumuzun qəhrəmanlığının təntənəsi kimi əbədi yaşayacaq. Bu müharibənin nəticələri Azərbaycanın siyasi və coğrafi reallıqlarını dəyişdirdi, uzun illər işğal altında qalan torpaqlarımızın azadlığına yol açdı. Kəlbəcərin 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılması həmin Zəfər salnaməsinin mühüm səhifələrindən biri oldu. Bu gün Kəlbəcər Şəhəri Günü kimi qeyd edilən tarix milli yaddaşımızda xüsusi yer tutur.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun sakinləri öz doğma evlərini tərk etməyə məcbur qaldılar. Uzun illər davam edən məcburi köçkünlük insanların həyatında ağır izlər buraxdı. Azərbaycan dövləti beynəlxalq təşkilatlarda və diplomatik platformalarda bu məsələnin həllinə çalışsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin sülh yolu ilə həllini mümkünsüz edirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü ordu quruculuğu siyasəti Azərbaycanın hərbi potensialını əhəmiyyətli dərəcədə artırdı. 2020-ci ildə başlanan Vətən müharibəsində Azərbaycan Ordusu yüksək peşəkarlıq, cəsarət və əzmkarlıq nümayiş etdirdi. Müharibənin 44 günü ərzində əldə edilən uğurlar Ermənistanı kapitulyasiya aktı xarakterli üçtərəfli Bəyanatı imzalamağa məcbur etdi. Sənədə əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarıldı.
Kəlbəcərin azad olunması yalnız ərazi baxımından deyil, həm də siyasi, iqtisadi və strateji baxımdan mühüm əhəmiyyət daşıyırdı. Rayonun zəngin təbii ehtiyatları, su mənbələri, dağlıq əraziləri və coğrafi mövqeyi Azərbaycanın regional inkişaf perspektivləri üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün bölgədə həyata keçirilən layihələr Kəlbəcərin potensialının ölkəmizin inkişafına yönəldilməsinə xidmət edir.
Kəlbəcər Zəfər tariximizin yalnız keçmişə aid bir səhifəsi deyil, həm də gələcək inkişafımızın mühüm istiqamətidir. Bu torpağın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində Kəlbəcər yenidən öz sahibinə qovuşub. Bu gün onun dirçəlişi milli qürurumuzun və dövlətimizin gücünün bariz göstəricisidir.
Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini



