AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyası milli dövlətçilik ideyasının siyasi təcəssümüdür

1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqillik tarixində mühüm yer tutan siyasi təşkilatlardan biridir. Partiyanın yaranması Azərbaycanın mürəkkəb siyasi, iqtisadi və ictimai proseslərlə üzləşdiyi bir dövrə təsadüf edirdi. Həmin illərdə ölkədə sabitliyin təmin olunmasına, milli birliyin möhkəmləndirilməsinə və dövlətçilik maraqlarını müdafiə edə biləcək siyasi qüvvəyə ciddi ehtiyac var idi. Belə bir şəraitdə xalqın görkəmli dövlət xadimi Heydər Əliyevə olan inamı Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurətə çevirdi.

Partiyanın təsis olunması Azərbaycanın gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan siyasi təşkilat qısa müddətdə cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirməyi bacardı. Onun fəaliyyətində müstəqilliyin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi, milli maraqların müdafiəsi və xalqın rifahının yüksəldilməsi əsas prioritetlər kimi müəyyənləşdirildi.

Ulu Öndərin siyasi irsi bu gün də Azərbaycanın dövlətçilik strategiyasının əsasını təşkil edir. Onun müəyyən etdiyi inkişaf yolu ölkəmizin siyasi sabitliyinin qorunmasına, iqtisadi potensialının gücləndirilməsinə və beynəlxalq nüfuzunun yüksəldilməsinə mühüm töhfələr verib. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqil dövlət kimi möhkəm təməllər üzərində inkişaf etməyə başladı.

2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs yeni mərhələyə qədəm qoydu. Ölkədə genişmiqyaslı iqtisadi islahatlar həyata keçirildi, regionların inkişafı sürətləndi, sosial infrastruktur yeniləndi, müdafiə və təhlükəsizlik imkanları gücləndirildi. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ildə isə dövlət suverenliyinin tam bərpası Azərbaycanın güclü dövlətə çevrildiyini nümayiş etdirdi.

Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti milli dövlətçilik tariximizin mühüm mərhələlərini özündə əks etdirir. Bu yubiley yalnız siyasi təşkilatın yaranma tarixinin qeyd olunması deyil, həm də Azərbaycanın keçdiyi mürəkkəb və şərəfli inkişaf yolunun qiymətləndirilməsidir. Bu gün partiyanın qarşısında duran əsas vəzifələrdən biri milli həmrəyliyin qorunmasına, ölkəmizin davamlı inkişafına və müasir Azərbaycanın daha da güclənməsinə töhfə verməkdir.

Vəfa Bayramova,
YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button