AnalitikaGündəmSiyasət

YAP-ın 34 illik tarixi yolu Azərbaycanın inkişaf xəritəsinin təsdiqidir

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) yaradılmasının 34-cü ildönümünü müstəqil və tam suveren Azərbaycanın yeni inkişaf mərhələsində qarşılayır.

1992-ci il noyabrın 21-də Naxçıvanda əsası qoyulan partiya ölkəmizin müstəqilliyini qorumaq və dövlətçiliyi möhkəmləndirmək kimi ali tarixi missiya ilə yola çıxdı.

Xalqın, ziyalıların və ictimai fəalların müraciəti ilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında təsis edilən YAP dövlətçilik tərəfdarlarını vahid amal ətrafında birləşdirdi.

“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.” – Ulu Öndər Heydər Əliyev

1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı uçurumdan xilas etdi və dövlət quruculuğunun möhkəm təməlini qoydu.

“Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında, sabitliyin qorunmasında mühüm rol oynayıb və bundan sonra da oynayacaqdır.”-Prezident İlham Əliyev

2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və tam suverenliyimizin bərpası 34 illik siyasi xəttin ən uca zirvəsi oldu.

Partiyanın ardıcıl institusional yenilənməsi, gənclərin və qadınların ictimai-siyasi həyatda fəal iştirakı, veteranlarla nəsillərarası varislik YAP-ı daim dinamik siyasi qüvvə kimi saxladı.

Bu şanlı 34 illik yolun məntiqi davamı və yeni dövrün çağırışlarına cavabı kimi 2026-cı il oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirildi. 2026-cı il 2 oktyabr tarixli VIII Qurultay tam suverenlik şəraitində və yeni geosiyasi reallıqlar fonunda keçirilməsi ilə tarixi əhəmiyyət kəsb edir.Qurultay partiyanın son illərdə keçdiyi inkişaf yolunun dərindən təhlil edilməsi və gələcək strateji hədəflərin dəqiqləşdirilməsi baxımından mühüm mərhələ oldu.

VIII Qurultayda səsləndirilən strateji baxışlar və proqram istiqamətləri postmüharibə dövründə qarşıda duran vəzifələrin miqyasını aydın şəkildə ortaya qoydu. Qurultay göstərdi ki, əldə olunmuş tarixi Zəfərin möhkəmləndirilməsi siyasi-ideoloji sahədə də yeni yanaşmalar və yüksək məsuliyyət tələb edir. Tədbir çərçivəsində partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsi və idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması məsələləri diqqət mərkəzində oldu. VIII Qurultay dövlət siyasətinin əsas prioritetləri ilə partiyanın gündəlik işinin tam uzlaşdırılmasını bir daha təsdiqlədi. Qurultayın əsas strateji hədəflərindən biri Qarabağ və Şərqi Zəngəzurun tam bərpası və dayanıqlı məskunlaşmanın sürətləndirilməsinə ictimai-siyasi dəstəyin gücləndirilməsidir. Bölgədə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin, yaşıl enerji zonalarının və yeni nəqliyyat dəhlizlərinin təbliği və dəstəklənməsi qarşıdakı dövrün vacib vəzifələrindəndir.

“Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik.”- Prezident İlham Əliyev

Yeni strateji hədəflər sırasında iqtisadiyyatın rəqəmsallaşdırılması, innovasiyaların tətbiqi və yüksək texnologiyaların inkişafı xüsusi yer tutur. Yaşıl enerji keçidi, ekoloji dayanıqlılıq və iqlim çağırışlarına cavab verən təşəbbüslər müasir inkişaf modelinin ayrılmaz hissəsi kimi müəyyənləşdirilib. Qeyri-neft sektorunun daha da genişləndirilməsi, ixracın artırılması və yerli sahibkarlığın dəstəklənməsi iqtisadi müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir.

Sosial rifahın yüksəldilməsi, əhalinin gəlirlərinin artırılması və həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi VIII Qurultaydan sonrakı dövrdə də dəyişməz prioritet olaraq qalır.İnsan kapitalının inkişafı, təhsilin və səhiyyənin keyfiyyətinin yüksəldilməsi gələcək tərəqqinin əsas şərti kimi vurğulanır. Gənclərin elmi, texnoloji və ictimai-siyasi proseslərdə daha geniş iştirakı yeni strateji dövrün əsas dayaqlardan biridir.Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə yanaşı, müasir biliklərə və rəqəmsal bacarıqlara yiyələnmələri xüsusi əhəmiyyət daşıyır.

“Gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar, eyni zamanda müasir biliklərə yiyələnməlidirlər.”- Prezident İlham Əliyev

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xarici siyasi partiyalarla əlaqələrin inkişafı və Azərbaycanın yeni reallıqlarının dünyaya çatdırılması xarici fəaliyyətin mühüm istiqamətidir. Regional sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyinin dəstəklənməsi Azərbaycanın artan geosiyasi nüfuzuna uyğun strateji xətt təşkil edir.

Milli ideologiya və azərbaycançılıq dəyərlərinin müasir dövrün çağırışları ilə uzlaşdırılaraq cəmiyyətdə təbliği ideoloji işin əsasını təşkil edir. Vətən müharibəsi və suverenlik uğrunda mübarizənin qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə ötürülməsi mənəvi borc və strateji vəzifədir.

Partiya sıralarında nəsillərarası birliyin gücləndirilməsi təcrübəli kadrların müdrikliyi ilə gənc nəslin enerjisini birləşdirir. Yeni dövrün strateji hədəfləri dövlətimizin daha da qüdrətlənməsinə və vətəndaş məmnunluğunun artırılmasına yönəlib.

“Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı, təhlükəsizliyi və sağlamlığı dayanır.”-Prezident İlham Əliyev

2026-cı il 2 oktyabr VIII Qurultayı partiyanın yenilənmə və gələcəyə inamlı baxış kursunu aydın şəkildə ifadə etdi. Bu qurultay həm keçmiş 34 ilin zəngin irsinə ehtiramın, həm də növbəti onilliklərin inkişaf xəritəsinin təsdiqidir.

Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqət və Prezident İlham Əliyevin uzaqgörən liderliyi yeni hədəflərə çatmağın ən etibarlı təminatıdır.Otuz dörd yaşını qeyd edən Yeni Azərbaycan Partiyası VIII Qurultayın müəyyənləşdirdiyi hədəflər ətrafında daha da sıx birləşərək dövlətimizin tərəqqisinə xidmət edir. Müstəqil, suveren və güclü Azərbaycan naminə başlanmış bu böyük yol yeni zəfərlərə və daha yüksək inkişaf zirvələrinə doğru inamla davam edir.

İsmayılova Mehriban,
Nizami rayonu 214 saylı məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button