AnalitikaGündəmSiyasət

“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji və iqtisadi siyasətində yeni imkanlar yaradır

“Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Azərbaycanın enerji siyasətində və ümumilikdə ölkənin iqtisadi inkişaf strategiyasında çox mühüm yeri olacaq. Çünki bu stansiya təkcə yeni elektrik enerjisi mənbəyi deyil, eyni zamanda Azərbaycanın “yaşıl enerji”yə keçid yolunda atdığı ən ciddi və strateji addımlardan biridir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji istehsalında şaxələndirməni təmin etməklə yanaşı, eyni zamanda həm daxili tələbatın ödənilməsinə, həm də mövcud elektrik stansiyalarının yükünün azalmasına səbəb olacaq: “300 minə yaxın ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək bu stansiyanın daha bir üstünlüyü də odur ki, yanacaq tələb etmir. Yəni, illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat olan stansiya bununla 220 milyon kubmetr təbii qaza qənaət edəcək və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alacaq. Təbii qazın və digər karbohidrogen resursların daha çox ixrac üçün saxlanılmasına imkan yaradan stansiya dövlət büdcəsinə əlavə valyuta daxilolmalarına və ölkənin iqtisadi potensialının daha da güclənməsinə səbəb olacaq. Bundan başqa, belə iri layihələrin icrası yeni iş yerlərinin açılmasına, regionların sosial-iqtisadi inkişafına və infrastrukturun yaxşılaşmasına da müsbət təsir göstərir”.

“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bərpa olunan enerji mənbələrinin payının artması ölkəni neft və qaz asılılığı risklərindən qismən qoruyur, daha dayanıqlı enerji sistemi yaradır: “Bir sözlə, Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın iqtisadi gücünün artmasına, enerji təhlükəsizliyinin möhkəmlənməsinə, ekoloji tarazlığın qorunmasına və ölkənin strateji inkişaf hədəflərinə çatmasına mühüm töhfə verən çox əhəmiyyətli bir layihədir. Dünya ölkələri iqlim dəyişikliyi ilə mübarizə aparmağa çalışdığı bir dövrdə Azərbaycanın da bu istiqamətdə konkret addımlar atması ölkənin müasir və məsuliyyətli dövlət kimi tanınmasına xidmət edir, “yaşıl enerji” sahəsində nüfuzunu artırır. Bu isə gələcəkdə bu sahəyə xarici investisiyaların cəlb olunması baxımından da çox önəmlidir. Bu da öz növbəsində Azərbaycanda digər bərpa olunan enerji layihələrinin reallaşması üçün əlavə impuls olacaq”.

Oxşar Xəbərlər

Back to top button