AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

ÜÇRƏNGLİ BAYRAĞIMIZ – MİLLİ QÜRURUMUZUN TƏCƏSSÜMÜ

Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın müstəqillik iradəsini, milli kimliyini və dövlətçilik ənənələrini özündə əks etdirən müqəddəs rəmzdir. 9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur. Bu gün yalnız dövlətçilik atributuna ehtiram deyil, həm də tariximizə, milli dəyərlərimizə və Vətənimizin azadlığı uğrunda mübarizə aparmış qəhrəmanlara hörmət ifadəsidir.

Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bayrağımızın rəngləri xalqımızın milli-mənəvi dünyasını və inkişaf istiqamətini ifadə edir. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və tərəqqini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğu simvolizə edir.

Sovet hakimiyyəti illərində bayrağımız rəsmi dövlət rəmzi kimi istifadədən çıxarılsa da, xalqımızın müstəqillik arzusu heç vaxt sönməmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Bu tarixi addım milli istiqlal mübarizəsinin güclənməsində mühüm rol oynamışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli rəmzlərimizin beynəlxalq səviyyədə tanıdılması və bayrağımıza ehtiramın yüksəldilməsi istiqamətində mühüm işlər görülmüşdür. 2009-cu ildə imzalanmış Sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü kimi təsis edilmişdir.

Bu gün üçrəngli bayrağımız Azərbaycanın bütün bölgələrində, beynəlxalq təşkilatların qərargahlarında, diplomatik nümayəndəliklərimizdə və azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Bayrağımız bizim tariximiz, bu günümüz və gələcəyə inamımızdır. Onun daim ucalarda dalğalanması hər bir vətəndaşın müqəddəs arzusudur.

Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button