AnalitikaGündəmSiyasət

Türk dünyasının təhlükəsizlik arxitekturası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər təkcə ikitərəfli əməkdaşlığın deyil, bütövlükdə Avrasiya məkanının təhlükəsizlik gələcəyinin formalaşması baxımından proqram xarakteri daşıyır.   Bakı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı çərçivəsində baş tutan bu görüş Türk dünyasının ortaq dəyərlər, iqtisadi potensial və qətiyyətli təhlükəsizlik iradəsi ətrafında sıx birləşdiyini nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışında qlobal miqyasda köklü dəyişikliklərin baş verdiyini, ötən əsrin geosiyasi balansının artıq başa çatdığını vurğuladı. Dünya yeni nizam axtarışında olarkən, Türk Dövlətləri Təşkilatının coğrafi miqyası, iqtisadi gücü və geosiyasi mövqeyi həlledici amilə çevrilir.   “Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir.” — Prezident İlham Əliyev   Bu coğrafi üstünlük təşkilata üzv ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Statistik göstəricilər də türk dövlətlərinin iqtisadi və demoqrafik baxımdan nəhəng bir potensiala malik olduğunu təsdiqləyir.

Təhlükəsizlik məsələlərinin gün keçdikcə daha mürəkkəb xarakter aldığı bir dövrdə, TDT çərçivəsində qurumlararası əlaqələrin intensivləşməsi xüsusi diqqət çəkir. Dövlət başçısı qısa müddət ərzində daxili işlər nazirlikləri, baş prokurorluqlar, təhlükəsizlik şuraları və müdafiə sənayesi rəhbərləri səviyyəsində keçirilən görüşlərin sistematik xarakter aldığını qeyd etmişdir.   “Təkcə son 10 gündə Qazaxıstanda, Astanada Daxili İşlər nazirliklərinin rəhbərləri, daha sonra isə Türküstanda Baş prokurorlar görüşüblər… Əminəm ki, təşkilatın iştirakçısı olan ölkələrin Təhlükəsizlik şuralarının aparatları arasında əməkdaşlıq bundan sonra da möhkəmlənəcək.” — Prezident İlham Əliyev

Müzakirələr zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərinə və qardaş ölkələrin bu prosesdə göstərdiyi həmrəyliyə toxunuldu. Xüsusilə Qazaxıstan tərəfindən həyata keçirilən Kurmanqazı adına İncəsənət Mərkəzinin fəaliyyəti və orada təhsil alan qarabağlı gənclərin qardaş xalqın sevgisini qazanması xalqlar arasındakı mənəvi bağların təzahürüdür. Bu cür layihələr türk birliyinin yalnız siyasi-iqtisadi deyil, həm də dərindən insani və mədəni dəyərlərə əsaslandığını sübut edir.

Prezident İlham Əliyevin TDT-nin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşü bir daha nümayiş etdirdi ki, Türk Dövlətləri Təşkilatı regional sabitliyin, sülhün və tərəqqinin əsas qarantlarından biridir. Beynəlxalq hüquq norma və prinsiplərinə sadiqliyini hər zaman nümayiş etdirən türk dövlətləri, üzləşdikləri qlobal və regional təhdidlərə qarşı məhz “Birlikdə güclüyük” şüarı altında addımlayır və bu əməkdaşlıq Avrasiyada təhlükəsizlik arxitekturasının etibarlı təməlini təşkil edir.

Valeh Əmrahov,
Nizami Rayon Gənclər və İdman sektorunun əməkdaşı

Oxşar Xəbərlər

Back to top button