AnalitikaGündəmSiyasət

Rəşadət Xalıqov: Prezident İlham Əliyevin Davosda verdiyi müsahibə Azərbaycanın yeni dünya düzənində rasional, müstəqil və uzaqgörən siyasət yürütməsinin bariz nümunəsidir

“2026-cı il yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlərin mahiyyətini və Azərbaycanın bu mürəkkəb sistemdə tutduğu mövqeyi aydın şəkildə ortaya qoyub. Dövlət başçısının fikirləri bir daha təsdiqlədi ki, beynəlxalq hüquq normaları artıq qlobal miqyasda mütləq və dəyişməz mexanizm kimi qəbul edilmir. Bugünkü reallıqda beynəlxalq münasibətlər çox vaxt güc balansı və real maraqlar üzərində qurulur”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycan məhz bu reallığı vaxtında düzgün qiymətləndirərək öz milli strategiyasını formalaşdırıb. Strateji məqsəd beynəlxalq hüquqa tam riayət etməklə milli maraqların təmin olunması olub. Azərbaycanın son illərdə atdığı bütün addımlar – istər siyasi inkişaf, istərsə də suverenliyin və ərazi bütövlüyünün tam bərpası beynəlxalq hüquq normalarına və ümumbəşəri dəyərlərə uyğun şəkildə həyata keçirilib. Bu yanaşma ölkəmizin yeni dünya nizamında müstəqil və etibarlı aktor kimi mövqeyini möhkəmləndirib.

“Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycan dövlətinin sülhə verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Dövlət başçısı bu mükafatı otuz ildən artıq davam edən münaqişə və qanlı qarşıdurmalardan sonra Cənubi Qafqazda sülhün bərqərar olunması istiqamətində göstərilən səylərə verilən dəyər kimi qəbul etdiyini bildirib”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq real və dayanıqlı sülh şəraitində yaşayır. Prezidentin də qeyd etdiyi kimi, bu, həm xüsusi bir hissdir, həm də tarixi fürsətdir. Azərbaycan-Ermənistan münasibətlərinin qarşıdurmadan əməkdaşlıq mərhələsinə keçməsi region üçün fundamental dəyişiklikdir. Ermənistan istiqamətində yüklərin daşınmasında məhdudiyyətlərin aradan qaldırılması, eləcə də neft məhsullarının ixracına başlanılması sülhün praktiki nəticələrini nümayiş etdirir. Bu prosesdən hər iki ölkə və bütövlükdə region qazanır.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Davosda verdiyi müsahibə Azərbaycanın yeni dünya düzənində rasional, müstəqil və uzaqgörən siyasət yürütməsinin bariz nümunəsidir. Güc balanslarının dəyişdiyi, beynəlxalq hüququn selektiv tətbiq olunduğu bir dövrdə Azərbaycan öz milli maraqlarını qorumağı, sülhü təşviq etməyi və qlobal enerji təhlükəsizliyinə töhfə verməyi bacaran etibarlı dövlət kimi çıxış edir. Bu siyasət ölkəmizin uzunmüddətli sabitliyinin və regional liderliyinin əsas təminatıdır.

Oxşar Xəbərlər

Back to top button