AnalitikaGündəm

Qubadlının azad olunması Böyük Qələbəni yaxınlaşdırdı

Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günü oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb.Həmin gün Qubadlı rayonunun bir neçə yaşayış məntəqəsi – Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib. Oktyabrın 25-də Vətən müharibəsinin 29-cu günündə isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtarıb.

Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də özünün tvitter hesabından elan edib. Oktyabrın 26-da isə dövlət başçısı  xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın  25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq,  Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl  rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son  qoyulduğunu bəyan edib. Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib.

Qubadlının  azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb. Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini erməni işğalından azad etdi. Bununla da Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Bununla əlaqədar, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər. Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Biz fəxr edirik ki, Qubadlıda Qaçaq Nəbidən, Əliyar Əliyevdən başlanan qəhrəmanlıq yolu bu gün Şükür Həmidov və digərləri tərəfindən davam etdirilir. Qarabağ müharibəsi iştirakçısı, Milli Qəhrəman polkovnik Şükür Həmidov da məhz Qubadlı rayonunun yetirməsidir. Polkovnik Həmidovun 2016-cı ilin aprelində erməni işğalçıları ilə döyüşdə göstərdiyi qəhrəmanlıq, Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsindəki böyük şücaət göstərərək Milli Qəhrəman adına layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirir, qanvermə aksiyaları təşkil edir, həmçinin müxtəlif formalarla mənəvi dəstək olurdular. Bütün bunlara görə, Ali Baş Komandan, böyük sərkərdə, bu Qələbənin bizə yaşadan cənab İlham Əliyevə borcluyuq. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. 30 ildən çoxdur əzablı,məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək. Qarabağ Azərbaycandır! Yaşasın müstəqil,azad Azərbaycan!

Şükürlü Türkan,
YAP Şuşa rayon təşkilatının fəalı           

Oxşar Xəbərlər

Back to top button