
3 oktyabr 1993-cü il tarixi müasir Azərbaycan dövlətçiliyinin salnaməsində müqəddəs və böyük dönüş nöqtəsi kimi qalmaqdadır. Həmin gün keçirilən ümumxalq səsverməsində xalqın mütləq əksəriyyətinin ehtimadını qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi seçim təkcə yeni bir dövlət rəhbərinin işə başlaması deyil, həm də ölkənin parçalanmaq, vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsindən xilas olması demək idi.
1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa etmiş Azərbaycan dərin siyasi, iqtisadi və hərbi böhran keçirirdi. Dövlət idarəçiliyindəki səriştəsizlik, Ermənistanın təcavüzünün genişlənməsi, daxili xaos və separatçılıq meylləri müstəqilliyimizi real təhlükə altına qoymuşdu. 1993-cü ilin iyununda Gəncədə baş verən məlum hadisələr ölkəni vətəndaş müharibəsi həddinə gətirdi.
Belə bir çətin məqamda xalqın təkidli tələbi ilə iyun ayında Bakıya qayıdan Heydər Əliyev ilk olaraq Milli Məclisin Sədri seçildi və ölkədəki böhranı cilovlamaq üçün qətiyyətli addımlar atdı. Oktyabrın 3-də keçirilən prezident seçkiləri isə bu siyasi kursun xalq tərəfindən rəsmən təsdiqlənməsi oldu. Seçicilərin 98,84 faizi Ümummilli Liderin lehinə səs verərək öz gələcəyini məhz onun təcrübəsinə və liderliyinə həvalə etdi.
Heydər Əliyevin prezident seçilməsindən sonra görülən mühüm işlər dövlətin təməl sütunlarını möhkəmləndirdi.Ölkədə hökm sürən xaos və qanunsuz silahlı dəstələr ləğv edildi, dövlət intizamı bərpa olundu.1994-cü ilin mayında Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs haqqında Bişkek protokolu imzalandı. Qısa müddətdə nizami ordunun qurulması istiqamətində əsaslı addımlar atıldı. 1994-cü il sentyabrın 20-də imzalanan neft müqaviləsi Azərbaycanın iqtisadi müstəqilliyinin təməlini qoydu və ölkəni qlobal investorların diqqət mərkəzinə gətirdi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, hüquqi və demokratik dövlət quruculuğu prosesi sürətləndi.
3 oktyabr 1993-cü il seçkiləri Azərbaycanın tənəzzüldən tərəqqiyə keçidinin başlanğıcı oldu. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasi kurs ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırdı, iqtisadi sıçrayışa zəmin yaratdı və milli həmrəyliyi təmin etdi.
Bu gün həmin strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, bölgənin lider dövlətinə çevrilmişdir. 3 oktyabr seçkiləri isə tariximizdə müasir və güclü Azərbaycanın təməlinin qoyulduğu müqəddəs gün kimi həmişə ehtiramla xatırlanır.
Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr



