AnalitikaGündəmSiyasət

Qlobal siyasətin kəsişməsində Azərbaycan

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı bu il də qlobal siyasi və iqtisadi gündəmin əsas müzakirə platformalarından biri oldu. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” televiziya kanalına verdiyi müsahibə isə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müsahibəsi təkcə Azərbaycanın mövqeyini ifadə etməklə kifayətlənməyib, eyni zamanda müasir dünyanın üzləşdiyi ciddi problemlərə real və açıq baxış ortaya qoydu.

Prezident İlham Əliyev müsahibəsində müasir beynəlxalq münasibətlər sisteminin dərin böhran mərhələsindən keçdiyini vurğuladı. Onun fikrincə, artıq beynəlxalq hüququn selektiv tətbiqi, ikili standartlar və güc amili bir çox hallarda əsas müəyyənedici faktora çevrilib. Dövlət başçısı qeyd etdi ki, bir vaxtlar “qaydalara əsaslanan dünya nizamı” kimi təqdim edilən sistem əslində ciddi şəkildə sarsılıb və bir çox ölkələr öz təhlükəsizliyini yalnız öz imkanları hesabına təmin etməyə məcbur qalır.

Bu kontekstdə Prezident Əliyev Azərbaycanın xarici siyasət strategiyasının əsas xəttini dəqiq şəkildə ifadə etdi: ölkə milli maraqlarını qorumağı prioritet sayır, heç bir güc mərkəzindən asılı olmadan müstəqil siyasət yürüdür və regional sabitliyin tərəfdarıdır. Bu yanaşma Azərbaycanın son illərdə qazandığı siyasi və hərbi uğurların da əsas səbəblərindən biri kimi təqdim olundu.

Müsahibənin diqqətçəkən məqamlarından biri Prezident İlham Əliyevin Avropa Parlamentinə və bəzi Avropa institutlarına münasibəti oldu. Dövlət başçısı açıq şəkildə bildirdi ki, Avropa Parlamentində Azərbaycana qarşı uzun illərdir formalaşmış qərəzli mövqe və anti-Azərbaycan kampaniyaları bu qurumla real əməkdaşlığı mümkünsüz edir. Onun sözlərinə görə, bu mövqelər insan haqları və demokratiya pərdəsi altında aparılan siyasi təzyiq alətindən başqa bir şey deyil.

Bununla yanaşı, Prezident vurğuladı ki, Azərbaycan Avropa İttifaqı ilə, xüsusilə Avropa Komissiyası və ayrı-ayrı üzv dövlətlərlə konstruktiv əməkdaşlığı davam etdirir. Enerji, nəqliyyat, logistika və yaşıl keçid sahələrində tərəfdaşlıq Avropa üçün də strateji əhəmiyyət daşıyır və bu reallıq siyasi ritorikadan daha güclüdür.

Müsahibədə regional təhlükəsizlik məsələləri də geniş şəkildə şərh olundu. Prezident İlham Əliyev Azərbaycanın yerləşdiyi regionun mürəkkəb geosiyasi xüsusiyyətlərə malik olduğunu xatırladaraq, sabitliyin və proqnozlaşdırılan siyasətin ölkə üçün həyati əhəmiyyət daşıdığını bildirdi. Qonşu regionlarda baş verən qeyri-sabit proseslərin diqqətlə izlənildiyini qeyd edən dövlət başçısı, Azərbaycanın daxili təhlükəsizliyinin möhkəm əsaslara söykəndiyini vurğuladı.

Prezident İlham Əliyevin Davosdakı müsahibəsində mühüm mövzulardan biri də Azərbaycan–Ermənistan münasibətləri oldu. Dövlət başçısı bildirdi ki, münaqişə səhifəsi bağlanıb və hazırda əsas məqsəd dayanıqlı sülhün təmin edilməsidir. Onun sözlərinə görə, real sülh yalnız qarşılıqlı hörmətə, ərazi bütövlüyünün tanınmasına və regionda əməkdaşlığa əsaslana bilər.

Prezident İlham Əliyevin Davosda “Euronews”a verdiyi müsahibə Azərbaycanın qlobal siyasi gündəmdəki mövqeyini aydın və prinsipial şəkildə ortaya qoydu. Bu müsahibə bir daha göstərdi ki, Azərbaycan müasir dünyanın mürəkkəb çağırışları fonunda öz milli maraqlarına əsaslanan, praqmatik və uzaqgörən siyasət yürüdür.

Davos platformasından səslənən bu mesajlar həm beynəlxalq ictimaiyyətə, həm də regional aktorlara ünvanlanmış aydın siqnaldır: Azərbaycan müstəqil, güclü və etibarlı dövlətdir, dialoqa açıqdır, lakin təzyiq və ikili standartları qəbul etmir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button