AnalitikaGündəmSiyasət

Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır

Azərbaycan xalqı tarix boyu müxtəlif imperiyaların tərkibində yaşamış, ağır sınaqlardan keçmiş, lakin heç zaman milli ruhunu, dilini, mədəniyyətini və adət-ənənələrini itirməmişdir. Xarici təzyiqlər, siyasi parçalanmalar və deportasiyalar xalqımızın birliyini sarsıtmağa çalışsa da, azərbaycanlılar harada yaşamasından asılı olmayaraq, özlərini vahid bir millətin nümayəndəsi kimi hiss etmişlər. Məhz bu tarixi reallıq milli həmrəyliyin formalaşmasında mühüm rol oynamışdır.
XX əsrin sonlarında baş verən ictimai-siyasi proseslər, xüsusilə milli azadlıq hərəkatı Azərbaycan xalqının birliyini daha aydın şəkildə ortaya qoydu. Tarixi torpaqlarımızın işğalı, soydaşlarımızın öz yurd-yuvalarından didərgin salınması xalqımızı daha da sıx birləşdirdi. Bu dövrdə həm ölkə daxilində, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar eyni amal ətrafında birləşərək milli maraqların müdafiəsinə qalxdılar. Milli həmrəylik xalqımız üçün təkcə mənəvi dəyər deyil, həm də real tarixi zərurətə çevrildi.
Həmrəylik anlayışı yalnız siyasi birliklə məhdudlaşmır. O, dilə, mədəniyyətə, milli-mənəvi dəyərlərə hörmət, tarixi yaddaşa sədaqət və gələcək nəsillər qarşısında məsuliyyət deməkdir. Azərbaycan diasporunun fəaliyyətində də bu ideya mühüm yer tutur. Dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlılar milli maraqların qorunması, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində birgə fəaliyyət göstərirlər. Bu da milli həmrəyliyin qlobal miqyasda təzahürüdür.
Müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafı da milli birliyin nəticəsidir. Güclü dövlət, güclü ordu və sabit cəmiyyət yalnız xalq–dövlət birliyi şəraitində mümkündür. Bu birlik Azərbaycanı regionun aparıcı dövlətlərindən birinə çevirmiş, xalqımıza öz gələcəyinə inamla baxmaq imkanı yaratmışdır. Milli həmrəylik gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında da mühüm rol oynayır, onlarda milli kimlik və məsuliyyət hissini gücləndirir.
Azərbaycan xalqının həmrəylik günü təkcə təqvimdə qeyd olunan bir tarix deyil, milli şüurun, tarixi yaddaşın və gələcəyə olan ümidlərin rəmzidir. Bu gün xalqımızın birliyini, gücünü və sarsılmaz iradəsini nümayiş etdirir. Milli həmrəylik ideyasına sadiqlik Azərbaycanı daha güclü, daha firavan və daha parlaq gələcəyə aparan əsas amillərdən biridir. Hər bir azərbaycanlının borcu bu birliyi qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürməkdir.

Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button