AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Qarabağ siyasəti: Zəfərdən quruculuğa

Azərbaycanın Qarabağ siyasətinin müasir mərhələsi dövlət suverenliyinin bərpasından sonra yeni məzmun qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, azad edilmiş ərazilərin bərpası və əhalinin doğma torpaqlarına qayıdışı əsas istiqamətlərdən birinə çevrilib. Bu siyasətin nəticələri artıq Qarabağın şəhər və kəndlərinin simasında görünür. 20 Sentyabr isə həmin tarixi mərhələnin rəmzlərindən biri kimi çıxış edir.

 

Prezident İlham Əliyevin Qarabağda həyata keçirilən layihələrə şəxsən diqqət göstərməsi quruculuq prosesinin dövlət siyasətindəki prioritetini nümayiş etdirir. Dövlət başçısının Xankəndi, Xocalı və digər ərazilərə səfərləri zamanı müxtəlif infrastruktur layihələrinin təməlinin qoyulması və açılışların keçirilməsi Qarabağın inkişafının ardıcıl şəkildə davam etdiyini göstərir. Bu səfərlər həm də dövlətin həmin ərazilərin gələcəyinə verdiyi siyasi və strateji əhəmiyyətin göstəricisidir.

 

Quruculuq siyasətinin mühüm xüsusiyyəti onun kompleks xarakter daşımasıdır. Prezidentin çıxışlarında da dəfələrlə vurğulandığı kimi, azad edilmiş ərazilərdə həyatın bərpası yalnız evlərin tikilməsi ilə yekunlaşmır. İnsanların yaşayacağı şəhərlərdə məktəb, xəstəxana, yol, enerji, su, rabitə, ictimai xidmət və iqtisadi fəaliyyət üçün imkanlar yaradılmalıdır. Böyük Qayıdışın uğurlu həyata keçirilməsi də məhz bu amillərin bir-biri ilə əlaqəli şəkildə təmin edilməsindən asılıdır.

 

Bu gün Qarabağda görülən işlər Prezident İlham Əliyevin Zəfərdən sonrakı siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin gələcək inkişafı da bu strategiyanın tərkibindədir. Burada məqsəd yalnız keçmişi bərpa etmək deyil, gələcəyin şəhərlərini qurmaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə açılan yeni səhifə bu gün Qarabağda quruculuq, qayıdış və inkişafla davam etdirilir.

Aysel Əliyeva,

YAP Nizami rayon təşkilatının “Rüstəm Rüstəmov küçəsi, 56” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button