
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində süni intellekt və data mərkəzləri barədə səsləndirdiyi fikirlər Azərbaycanın iqtisadi gündəliyində yeni mərhələnin formalaşdığını göstərir. Əgər əvvəlki dövrlərdə Azərbaycanın əsas beynəlxalq iqtisadi üstünlükləri enerji və tranzit imkanları ilə əlaqələndirilirdisə, hazırda bu üstünlüklərin rəqəmsal iqtisadiyyatla birləşdirilməsi gündəmə gəlir. Prezident İlham Əliyev əlavə elektrik enerjisi potensialının süni intellekt data mərkəzlərinin daxili tələbatını qarşılamaq və gələcək rəqəmsal inkişaf üçün istifadə imkanlarını xüsusi qeyd edib.
Data mərkəzlərinin inkişafında elektrik enerjisinin etibarlı və rəqabətqabiliyyətli qiymətlə mövcudluğu mühüm faktordur. Süni intellekt sistemlərinin hesablama gücünə tələbin artması enerji istehlakını da yüksəldir. Bu baxımdan Azərbaycanın enerji istehsalı potensialı rəqəmsal iqtisadiyyat üçün əlavə üstünlük yarada bilər. Lakin enerji təkbaşına kifayət etmir. Yüksək sürətli fiber-optik bağlantılar, kibertəhlükəsizlik, data mühafizəsi və peşəkar kadr bazası da eyni sistemin zəruri elementləridir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Prezident İlham Əliyevin rəqəmsal transformasiyanı insan kapitalı ilə əlaqələndirməsi məhz bu səbəbdən xüsusi əhəmiyyət daşıyır. Azərbaycan artıq kibertəhlükəsizlik və rəqəmsal kadrların hazırlanması istiqamətində müəyyən institutlar formalaşdırır. Eyni zamanda süni intellektin iqtisadiyyatın müxtəlif sahələrinə tətbiqi üzrə dövlət siyasətinin inkişaf etdirilməsi texnologiyanın ayrıca sektor deyil, iqtisadi məhsuldarlığın artırılması aləti kimi nəzərdən keçirildiyini göstərir. Rəsmi məlumatlarda Azərbaycanın 2025–2028-ci illər üçün süni intellekt strategiyasının təsdiq edildiyi də qeyd olunur.
Bu baxımdan qarşıdakı mərhələdə əsas məsələ yalnız data mərkəzlərinin və fiber-optik xətlərin sayını artırmaq deyil. Əsas hədəf rəqəmsal infrastrukturun real iqtisadi dəyərə çevrilməsidir. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda qlobal texnologiya şirkətləri ilə əməkdaşlığa çağırışları bu prosesin beynəlxalq tərəfdaşlıq komponentini də ön plana çıxarır. Azərbaycan üçün perspektiv yalnız texnologiya idxal etmək deyil, tədricən regional rəqəmsal xidmətlər, proqram təminatı və yüksək texnologiya ekosistemi yaratmaqdır.
Kəmalə Abdullayeva,
YAP Nizami rayon təşkilatının fəalı



