
Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası” mövzusunda birgə tədbiri keçirilib.
Carixeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və soyqırımı qurbanlarının, eləcə də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mart soyqırımının baş verməsinin səbəbləri və nəticələri barədə hazırlanmış video-çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Musa Qasımlı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları qeyd ediblər ki, yüz səkkiz il əvvəl daşnak-bolşevik işğalçıları Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə azərbaycanlılara qarşı misli görünməmiş qırğınlar törədərək on minlərlə günahsız insanı amansızlıqla qətlə yetirib, yaşayış məntəqələrini yandırıb və minlərlə ailəni öz doğma yurdlarından didərgin salıblar.
Bildirilib ki, xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra soyqırımına siyasi-hüquqi qiymət verilib. Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu fərman təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması ilə deyil, erməni şovinizminin və terrorunun ifşa olunması baxımından da əhəmiyyətli olub.
Diqqətə çatdırılıb ki, 2013-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə soyqırımında öldürülənlərin xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycanlılara qarşı törədilən qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha geniş və dolğun şəkildə çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci ildə – soyqırımının 100 illiyi ərəfəsində Sərəncam da imzalayıb.
Vurğulanıb ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında qətiyyətlə verilib. Soyqırımı qurbanlarının, şəhidlərin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında alıb. Ermənistanın 30 il davam edən işğalına son qoyulub, ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa olunub. Bu gün soyqırımı qurbanlarının və şəhidlərimizin ruhu şaddır.
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
#YAPNizami










