Nizami rayonunda 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Azərbaycan dilini qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur” mövzusunda dəyirmi masa keçirilib.
Carixeber.az xəbər verir ki, tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəhman Hüseynov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev və Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev çıxış ediblər.
Çıxışlarda ana dilimizin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışılıb və qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutub, milli dövlət quruculuğunun tərkib hissəsi olaraq bütöv bir sistemi təşkil edib. Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində hələ sovetlər dövründə, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük tədqiqat işlərinə ruhlandırılması Azərbaycan dilçiliyinin inkişafında müstəsna rol oynayıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi ana dilimizin hərtərəfli inkişaf etdirilməsi sahəsində də Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük işlər həyata keçirilib, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib, Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində bir sıra Fərman və Sərəncamlar verilib. Ümummilli Liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqust ayının 1-i “Azərbaycan əlifbası və Azərbaycan dili” günü kimi təsis edilib. Vurğulanıb ki, bu gün müstəqil ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin dövlət dili siyasəti çox uğurla davam etdirilir. Bu sahədə möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, dilimizin inkişafı və qorunması üçün münbit qanunvericilik bazasınının daha da möhkəmləndirməsi naminə qəbul olunan qərarlar müstəsna əhəmiyyətə malikdir. Ölkə rəhbərinin Azərbaycan dilinin qloballaşma şəraitində qorunması və hərtərəfli inkişafı istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri ailəsi, ümumilikdə, Azərbaycan ziyalıları tərəfindən minnətdarlıqla qarşılanır.
Həmçinin qeyd olunub ki, Azərbaycan xalqı üçün ana dilinin rolu çox mühümdür, çünki dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, mədəniyyəti, ənənələri və dəyərləri ilə sıx bağlıdır. Azərbaycan dili xalqımızın milli varlığını təyin edən başlıca amillərdən biridir və onu qorumaq, inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur.
Dəyirmi masa müzakirələrlə davam edib, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.