AnalitikaGündəmSiyasət

“Konstitusiya və Suverenlik İli”ndə Tarixi Addım: Azərbaycan Dövlətinin Mərhəmət Siyasəti

Azərbaycan tarixən mərhəmətə, ədalətə və sosial məsuliyyətə söykənən dövlətçilik ənənələrinə malikdir. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya təşəbbüsü də məhz bu ənənələrin müasir dövrdə davamı kimi dəyərləndirilməlidir.

Müstəqil Azərbaycan dövlətinin möhkəm təməlləri Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşmışdır. Onun rəhbərliyi ilə qəbul edilən Konstitusiya ölkədə hüquqi dövlət quruculuğunun əsasını qoymuş, dövlət–vətəndaş münasibətlərində ədalət prinsipini ön plana çıxarmışdır. Bu siyasi irs bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə insan amili xüsusi yer tutur. Sosial rifahın yüksəldilməsi, vətəndaşların hüquqlarının qorunması və cəmiyyətin sağlam əsaslar üzərində formalaşdırılması dövlət başçısının fəaliyyətinin əsas istiqamətlərindəndir. Amnistiya təşəbbüsü də cəzanın təkcə cəzalandırma deyil, eyni zamanda islah və tərbiyə vasitəsi olduğunu göstərən mühüm bir addımdır.

Xüsusi olaraq qeyd edilməlidir ki, bu təşəbbüs Azərbaycanın suverenliyini tam təmin etdiyi, Konstitusiyanın ölkənin bütün ərazilərində real şəkildə tətbiq olunduğu tarixi bir dövrdə irəli sürülüb. Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, şəhid ailələrinə, eləcə də sosial həssas qruplara şamil olunan amnistiya dövlətin öz vətəndaşına olan qayğısının təzahürüdür.

Miqyasına görə müstəqillik tarixində ən böyük amnistiya hesab olunan bu qərar minlərlə insan üçün yeni həyat mərhələsinin başlanğıcı olacaq. Bu, cəmiyyətə qayıdan insanların qanuna hörmətlə yanaşacağına və ölkənin inkişafına töhfə verəcəyinə olan dövlət inamının ifadəsidir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü humanizm, hüquq və suverenlik anlayışlarının vəhdətini əks etdirən mühüm dövlət qərarıdır. Bu addım bir daha sübut edir ki, Azərbaycan dövləti güclü olmaqla yanaşı, ədalətli və mərhəmətli dövlətdir.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button