GündəmSiyasət

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir keçirilib

23 oktyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Tarix fakültəsinin decani İbrahim Zeynalov, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev, şəhid ailə üzvləri, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tarix fakültəsinin dekanı İbrahim Zeynalov çıxışında tədbirin xalqımızın milli yaddaşında silinməz iz qoymuş qəhrəmanlara ehtiramın ifadəsi olduğunu bildirib. O, Azərbaycanın müxtəlif tarixi dövrlərdə azadlığı və müstəqilliyi uğrunda böyük mübarizələr apardığını, Vətən sevgisinin xalqımızın ən ali mənəvi dəyərlərindən biri olduğunu vurğulayıb. Professor 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin xalqımızın birliyinin, Azərbaycan Ordusunun gücünün, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığının parlaq təcəssümü olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Tarix fakültəsinin vəzifəsi yalnız keçmişi öyrənməklə məhdudlaşmır, eyni zamanda müasir tariximizi müəyyənləşdirən hadisələrin gələcək nəsillərə düzgün və obyektiv şəkildə çatdırılmasını da əhatə edir. İbrahim Zeynalov şəhid Anar Əliyevin övladı Nigar Əliyevanın və şəhid Ceyhun Şalıyevin qardaşı Kamal Şalıyevin tədbirdə iştirakının şəhidlərimizin xatirəsinin universitet ictimaiyyəti üçün nə qədər əziz olduğunu bir daha nümayiş etdirdiyini bildirib. O, şəhidlərin adlarının tədrisdə, elmi araşdırmalarda və gənclərin tərbiyəsində yaşadılmasının vacibliyini qeyd edib. Professor milli tarixə və qəhrəmanlıq ənənələrinə hörmət ruhunda yetişən gənclərin Azərbaycanın gələcəyinə layiqli töhfələr verəcəyinə, dövlətin müstəqilliyini və suverenliyini daim uca tutacaqlarına əminliyini ifadə edib.

Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev çıxışında Azərbaycan xalqının tarix boyu azadlıq və müstəqillik uğrunda apardığı mübarizədən, Vətənə bağlılıq və qəhrəmanlıq ənənələrindən bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələrinin və ordu quruculuğu siyasətinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə yüksəldiyini, bunun 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdə mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, Tarix fakültəsinin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın qəhrəmanlıq salnaməsini elmi əsaslarla öyrənmək, tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq və milli yaddaşı qorumaqdır. O, fakültədə təhsil alan tələbələrin şəhid ailələri ilə bağlılığının xüsusi mənəvi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyevin övladı Nigar Əliyevanın və Vətən Müharibəsi Qəhrəmanı, şəhid Ceyhun Şalıyevin qardaşı Kamal Şalıyevin tədbirdə iştirakının qəhrəmanlıq irsinin universitet həyatında da yaşadıldığını nümayiş etdirdiyini bildirib. Azad Rzayev şəhidlərin həyat yolunun, Vətənə sədaqətinin və fədakarlığının gənclər üçün mühüm mənəvi örnək olduğunu vurğulayaraq, bu cür tədbirlərin tələbələrin tarixə marağının artırılmasına və vətənpərvərlik ruhunda formalaşmasına töhfə verdiyini qeyd edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən, onun müəyyənləşdirdiyi siyasi kursun Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib. O, müstəqilliyin qorunması, milli birliyin möhkəmləndirilməsi, ordu quruculuğu və ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində həyata keçirilən ardıcıl siyasətin Azərbaycanın tarixi nailiyyətlərinin əsasını təşkil etdiyini vurğulayıb. Bəxtiyar Nəbiyev Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinin nəticələrinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası baxımından müstəsna əhəmiyyət daşıdığını qeyd edib. O, bu nailiyyətlərin xalqımızın birliyinin, Azərbaycan Ordusunun qüdrətinin və şəhidlərimizin qəhrəmanlığının təcəssümü olduğunu bildirib. YAP Yasamal rayon təşkilatının sədri, həmçinin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışından irəli gələn məsələlərə toxunaraq dövlətimizin qarşısında duran strateji vəzifələrin əhəmiyyətini diqqətə çatdırıb. O, milli təhlükəsizliyin möhkəmləndirilməsi, müdafiə qabiliyyətinin artırılması, müstəqil xarici siyasətin davam etdirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsinin ölkənin gələcək inkişafında mühüm rol oynadığını vurğulayıb. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, Böyük Qayıdışın davam etdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin rifahının yüksəldilməsinin prioritet istiqamətlər olduğunu bildirib. Bəxtiyar Nəbiyev gənclərin müasir biliklərə yiyələnməsinin, milli-mənəvi dəyərlərə bağlılığının və dövlətçilik maraqlarına məsuliyyətlə yanaşmasının bu hədəflərin həyata keçirilməsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, şəhid Anar Əliyevin övladı Nigar Əliyevanın və şəhid Ceyhun Şalıyevin qardaşı Kamal Şalıyevin tədbirdə iştirakının qəhrəmanlıq irsinin gənc nəslin həyatında mühüm mənəvi yer tutduğunu göstərdiyini vurğulayıb. Sonda YAP Yasamal rayon təşkilatının sədri şəhidlərin, eləcə də Tarix fakültəsindən olan şəhidlərin xatirəsinin yaşadılmasının, onların qəhrəmanlığının təbliğinin və vətənpərvər gəncliyin yetişdirilməsinin mühüm vəzifə olduğunu bildirərək, Azərbaycanın gələcək uğurlarının xalqın birliyindən, dövlətçilik ənənələrinə sədaqətdən və milli həmrəylikdən qaynaqlandığını qeyd edib.

Tədbirin bədii hissəsində Tarix fakültəsinin tələbələri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş musiqi və ədəbi-bədii kompozisiyalar təqdim edilib. Fakültənin IV kurs tələbəsi Nəzrin Abdullayeva gitara müşayiəti ilə “Ana, mən şəhid oldum” mahnısını ifa edib, IV kurs tələbəsi Lamiyə Kamallı Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini səsləndirib. II kurs tələbəsi Fatimə Nəbizadə isə kanunda “Sarı gəlin” melodiyasını ifa edib. Proqram çərçivəsində II kurs tələbəsi Dilruba Hidayətli “Şəhid olsam, ağlamayın”, IV kurs tələbəsi Nəzrin Abdullayeva isə “Cənab leytenant” mahnılarını təqdim ediblər. Tələbələrin ifaları iştirakçılar tərəfindən ehtiramla qarşılanıb və şəhidlərimizin əziz xatirəsinə hörmətin, Vətənə sevgi və sədaqət duyğularının musiqi və poeziya vasitəsilə ifadəsinə çevrilib. Tədbirin ən təsirli məqamlarından biri Tarix fakültəsinin II kurs tələbəsi, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyevin övladı Nigar Əliyevanın, eləcə də fakültənin III kurs tələbəsi, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Ceyhun Şalıyevin qardaşı Kamal Şalıyevin çıxışları olub. Onların tədbirdə iştirakı şəhidlərimizin xatirəsinin ailələri, doğmaları və universitet ictimaiyyəti üçün nə qədər dəyərli olduğunu bir daha nümayiş etdirib. Proqram zamanı Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarx iştirakçılara şəhidlərimizin qəhrəmanlıq yolunu bir daha xatırladıb, onların fədakarlığının xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb.

Tədbirin diqqətçəkən məqamlarından biri də Tarix fakültəsinin IV kurs tələbəsi Sevinc Şirinova tərəfindən rəngli lentlərdən hazırlanmış gül kompozisiyası formasında Azərbaycan Respublikasının Dövlət Bayrağının təqdim edilməsi olub. Milli rəmzimizə sevginin və Vətənə bağlılığın yaradıcı ifadəsi olan bu kompozisiya tədbirin ideya məzmununu tamamlayıb. Tədbir gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, tarixi yaddaşın qorunması, şəhidlərimizin qəhrəmanlıq irsinin təbliği və tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət daşıyıb.

Sonda bir daha vurğulanıb ki, Azərbaycan xalqının azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi daim yaşayacaq, onların şərəfli ömür yolu gələcək nəsillər üçün əbədi örnək olacaq.

Oxşar Xəbərlər

Back to top button