AnalitikaDünyaGündəmSiyasət

Azərbaycanın Avropa ilə tərəfdaşlığı: yeni dövrün əsas istiqamətləri

Son illər qlobal siyasi və iqtisadi proseslər göstərir ki, etibarlı tərəfdaşlıq, enerji təhlükəsizliyi və dayanıqlı nəqliyyat marşrutları dövlətlər arasında əməkdaşlığın əsas sütunlarına çevrilib. Bu baxımdan Azərbaycan həm regionda, həm də Avropa məkanında strateji əhəmiyyətini davamlı şəkildə artırır. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri və keçirilən yüksək səviyyəli görüşlər də məhz bu reallığın növbəti təsdiqidir. Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər artıq yalnız enerji əməkdaşlığı çərçivəsində qiymətləndirilmir. Tərəflər arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi, yaşıl enerji layihələri və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Son aylarda Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin ölkəmizə ardıcıl səfərləri qarşılıqlı etimadın və strateji tərəfdaşlığın möhkəmləndiyini nümayiş etdirir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən biridir. İllər əvvəl əsası qoyulan enerji layihələri bu gün öz real nəticələrini verir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan təbii qazı Avropa bazarına fasiləsiz çatdırılır və bu marşrut enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır. Enerji bazarında yaranan yeni çağırışlar fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi daha da güclənir.

Bununla yanaşı, ölkəmiz yaşıl enerji sahəsində də iddialı məqsədlər müəyyənləşdirib. Günəş və külək enerjisi üzrə həyata keçirilən layihələr, xarici investorlarla bağlanmış müqavilələr və yeni enerji infrastrukturunun qurulması Azərbaycanın gələcək enerji strategiyasının əsas istiqamətlərini təşkil edir. Bu yanaşma həm daxili enerji tələbatının daha səmərəli ödənilməsinə, həm də təmiz enerji ixracı imkanlarının genişlənməsinə şərait yaradır.
Azərbaycanın geostrateji mövqeyi onu beynəlxalq yükdaşımaların mühüm mərkəzlərindən birinə çevirib. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsi, dəniz limanlarının və dəmir yolu şəbəkəsinin müasirləşdirilməsi beynəlxalq ticarətin inkişafına mühüm töhfə verir. Yeni geosiyasi reallıqlar fonunda bu marşrutların əhəmiyyəti daha da artır və Azərbaycan regional logistika mərkəzi kimi öz mövqeyini möhkəmləndirir.

Regional sabitlik məsələsi də Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir. Sülhün yalnız siyasi bəyanatlarla deyil, praktik addımlarla möhkəmləndirilməsi regionun gələcək inkişafı üçün vacib amildir. Qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat imkanlarının artırılması və əməkdaşlığa əsaslanan yanaşma Cənubi Qafqazın uzunmüddətli sabitliyinə xidmət edir.

Bugünkü reallıq göstərir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, məsuliyyətli enerji təchizatçısı və mühüm nəqliyyat qovşağı kimi öz mövqeyini daha da gücləndirir. Avropa Komissiyası ilə inkişaf edən əməkdaşlıq isə təkcə iki tərəfin maraqlarına deyil, bütövlükdə regionda təhlükəsizliyin, iqtisadi inkişafın və dayanıqlı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm strateji platformadır.

Elvin Ehtiramlı,
Neft Kəmərləri İdarəsinin əməkdaşı 

Oxşar Xəbərlər

Back to top button