AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan-Özbəkistan qardaşlığı yeni inkişaf mərhələsində

Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Bu səfər təkcə iki dövlət arasında keçirilən rəsmi görüşlərlə deyil, həm də gələcək əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Daşkənddə verdiyi bəyanatda səsləndirilən fikirlər göstərir ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq sadəcə diplomatik əməkdaşlıq çərçivəsindən çıxaraq, ortaq maraqlara, qarşılıqlı etimada və qardaşlıq bağlarına əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev Özbəkistana hər səfərində ölkənin sürətli inkişafının şahidi olduğunu qeyd edərək, bu inkişafın bütün sahələrdə aydın hiss olunduğunu vurğulayıb.

Bu gün Özbəkistanın keçdiyi inkişaf yolu həm region, həm də beynəlxalq miqyasda diqqətlə izlənilir. Son illərdə həyata keçirilən islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, sənayenin və kənd təsərrüfatının inkişafı, energetika və nəqliyyat infrastrukturunun gücləndirilməsi ölkənin yeni simasını formalaşdırıb. Prezident İlham Əliyevin fikirlərindən də aydın olur ki, Azərbaycanın Özbəkistanın uğurlarına münasibəti səmimi dost və qardaş münasibətidir. Azərbaycan xalqı qardaş Özbəkistanın hər bir nailiyyətini öz sevinci kimi qəbul edir. Bu baxımdan iki ölkənin inkişafının paralel şəkildə davam etməsi gələcəkdə daha böyük ortaq layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.

Səfərin ən mühüm məqamlarından biri iqtisadi əlaqələrin gələcək perspektivləri ilə bağlı verilən mesajlar idi. Artıq bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfi uzaq bir məqsəd kimi deyil, yaxın illərdə əldə olunması mümkün olan real nəticə kimi qiymətləndirilir. Bu, Azərbaycan və Özbəkistan arasında formalaşmış iqtisadi potensialın və qarşılıqlı inamın göstəricisidir. Qarşılıqlı investisiya layihələrinin genişlənməsi, yeni biznes əlaqələrinin qurulması və hər iki ölkənin iqtisadi imkanlarının bir-birini tamamlaması gələcək əməkdaşlıq üçün böyük perspektivlər açır. Dövlət başçısının vurğuladığı kimi, bugünkü möhkəm təməl olmasaydı, bu qədər genişmiqyaslı birgə layihələrin həyata keçirilməsi də mümkün olmazdı.

Azərbaycanla Özbəkistanın əməkdaşlığı yalnız ticarət və investisiya ilə məhdudlaşmır. Enerji, nəqliyyat, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı, emal sektoru və bankçılıq sahələri də qarşılıqlı fəaliyyətin mühüm istiqamətləridir. Bu çoxşaxəli əməkdaşlıq iki ölkənin münasibətlərinin nə qədər geniş və dərin olduğunu göstərir. Xüsusilə enerji və nəqliyyat layihələri həm Azərbaycan, həm də Özbəkistan üçün strateji əhəmiyyət daşıyır. Müasir dünyada ölkələrin inkişafı təkbaşına deyil, etibarlı tərəfdaşlıq və regional əməkdaşlıq vasitəsilə daha sürətlə təmin olunur. Azərbaycan və Özbəkistan da məhz bu yanaşmadan çıxış edərək, öz iqtisadi və siyasi imkanlarını birləşdirməyə çalışırlar.

Bu əməkdaşlığın daha geniş mənası Mərkəzi Asiya ilə Azərbaycan arasında yaranan yeni əlaqələr sistemində özünü göstərir. Prezident İlham Əliyev Mərkəzi Asiya və Azərbaycanı böyük potensiala və daha böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region kimi dəyərləndirib. Bu fikir regionun gələcəyi baxımından xüsusi əhəmiyyətlidir. Coğrafi, tarixi, mədəni və iqtisadi bağlar Azərbaycanla Mərkəzi Asiya dövlətlərini bir-birinə daha da yaxınlaşdırır. Özbəkistan isə bu əməkdaşlıq formatında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. İki ölkə arasındakı sıx münasibətlər bütövlükdə regionda sabitliyin, qarşılıqlı faydalı əməkdaşlığın və yeni iqtisadi imkanların yaranmasına mühüm töhfə verir.

Azərbaycan-Özbəkistan qardaşlığının ən dəyərli tərəflərindən biri də Qarabağın bərpası prosesində özünü göstərən dəstəkdir. Özbəkistanın azad edilmiş ərazilərin yenidən qurulmasına verdiyi töhfə iki xalq arasındakı münasibətlərin sadəcə sözlərə deyil, konkret əməllərə əsaslandığını sübut edir. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması qardaş ölkənin Azərbaycana olan münasibətinin bariz nümunəsidir. Bu layihələr yalnız iqtisadi və sosial əhəmiyyət daşımır, eyni zamanda Azərbaycan-Özbəkistan dostluğunun gələcək nəsillərə ötürülən mənəvi simvoludur.

Dövlət səfəri zamanı keçirilən görüşlər, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, qarşılıqlı təltifolunma mərasimi və imzalanan sənədlər münasibətlərin yüksək siyasi səviyyəsini təsdiqlədi. Ən önəmlisi isə odur ki, tərəflərin gələcək üçün konkret fəaliyyət planı mövcuddur. Həyata keçiriləcək layihələr təkcə Bakı və Daşkəndi deyil, digər bölgələri də əhatə edəcək. İnvestisiya fondunun fəaliyyəti, turizm və avtomobil sənayesinə yönələn layihələr, regionlararası əməkdaşlığın genişləndirilməsi qarşıdakı dövrdə milyardlarla sərmayənin reallaşmasına imkan yarada bilər. Bu isə əməkdaşlığın artıq nəzəri fikirlərdən konkret nəticələr mərhələsinə keçdiyini göstərir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərində yeni və daha möhkəm bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. İki ölkə arasında mövcud olan mənəvi qardaşlıq, siyasi etimad və iqtisadi maraqlar bir-birini tamamlayaraq möhkəm əməkdaşlıq modeli yaradır. Qarşıdakı illərdə yeni layihələrin həyata keçirilməsi, ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi və regional əlaqələrin daha da güclənməsi gözlənilir. Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərləri və dövlət rəhbərlərinin siyasi iradəsi bu münasibətlərin gələcəyinə böyük inam yaradır. Bu qardaşlıq təkcə bu günün deyil, gələcək nəsillərin də qoruyacağı və daha da inkişaf etdirəcəyi böyük mənəvi və strateji sərvətdir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button