
Mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında keçirilən görüş və mətbuata verilən bəyanatlar iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni bir mərhələyə qədəm qoyduğunu sübut etdi. Bu görüş Bakı ilə Roma arasındakı münasibətlərin təkcə enerji deyil, həm də siyasi və humanitar sahələrdə nə dərəcədə dərinləşdiyini göstərir.
Görüş zamanı hər iki lider Azərbaycan və İtaliya arasındakı münasibətlərin Çoxölçülü Strateji Tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıblar. Prezident İlham Əliyev qeyd edib ki, İtaliya Azərbaycanın Avropa İttifaqı məkanında ən yaxın dostlarından və əsas ticarət tərəfdaşlarından biridir: “Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.”
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməyə davam edəcəklərini bəyan ediblər. Cənubi Qafqazda sülh quruculuğu prosesi və Azərbaycanın regiondakı rolu müzakirə mövzusu olub.
İtaliya Azərbaycan qazının Avropaya nəqlində əsas qovşaq rolunu oynayır. Mətbuata bəyanatda Cənub Qaz Dəhlizi və onun ayrılmaz hissəsi olan TAP (Trans-Adriatik Boru Kəməri) layihəsinin əhəmiyyəti xüsusi qeyd edilib: “Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşdır və biz bu əməkdaşlığı bərpa olunan enerji sahəsinə də daşımaq niyyətindəyik.”
Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji” potensialından bəhs edərək, gələcəkdə Xəzər dənizindən istehsal olunacaq elektrik enerjisinin Avropaya, o cümlədən İtaliyaya ixracı imkanlarını diqqətə çatdırıb. Ciorcia Meloni isə İtaliya şirkətlərinin bu layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirib.
Müzakirələrdə təkcə neft-qaz sektoru deyil, qeyri-neft sektorunun inkişafı da ön planda olub. İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında, xüsusilə infrastruktur və kənd təsərrüfatı layihələrində aktiv iştirak edirlər.
Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti layihəsi humanitar sahədəki əməkdaşlığın simvolu kimi qiymətləndirilib: “Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir. Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar.”
İki ölkə arasında mədəni mübadilənin artırılması və 2024-2025-ci illər üçün nəzərdə tutulan ortaq tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Ciorcia Meloninin səfəri və səsləndirilən bəyanatlar göstərir ki, İtaliya Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin qarantı kimi görür, Azərbaycan isə İtaliyanı müasir texnologiyaların və investisiyaların mühüm mənbəyi kimi qəbul edir. Bu görüş həm də İtaliyanın Cənubi Qafqazda sabitlik və inkişaf naminə Azərbaycanın təşəbbüslərini dəstəklədiyinin bariz nümunəsidir.
Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı



