AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan Avropa Siyasi Birliyində fəal mövqeyini nümayiş etdirir

2026-cı il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib. Dövlət başçısı çıxışına iştirakçıları salamlayaraq başlayıb və tədbirə dəvətə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Zirvə görüşündə iştirak məsələsi Prezident Koşta ilə onun Azərbaycana son səfəri zamanı müzakirə olunub və razılaşdırılıb. Dövlət başçısı həmçinin xatırladıb ki, bir il əvvəl Tiranaya səfəri zamanı Zirvə toplantısının 2026-cı ildə Ermənistanda keçirilməsi təşəbbüsü irəli sürülüb və Azərbaycan bu ideyanı dəstəkləyib. Bununla yanaşı, balansın qorunması məqsədilə növbəti görüşlərdən birinin Azərbaycanda keçirilməsi təklif olunub və bu təklif qəbul edilib. Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə toplantısına dəvət edib.

Dövlət başçısı vurğulayıb ki, Ermənistanın da Azərbaycanın namizədliyini dəstəkləməsi iki ölkə arasında sülhün real olduğunu göstərir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Ermənistan artıq doqquz aydır sülh şəraitində yaşayır və bu proses davam edir.

Prezident İlham Əliyev bildirib ki, ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri Birgə Bəyannamə imzalayıblar və ABŞ Prezidenti Donald Tramp bu sənədə şahid qismində imza atıb. Xarici işlər nazirləri isə sülh sazişinin mətnini paraflayıblar. Prezident qeyd edib ki, sülh faktı əsasında Azərbaycan Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Bu müddət ərzində Ermənistan istiqamətində Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük daşınıb.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan ilk dəfə olaraq Ermənistana benzin və dizel kimi neft məhsullarının ixracına başlayıb və artıq 12 min ton məhsul göndərilib. Bu addımlar iki ölkə arasında iqtisadi və ticarət münasibətlərinin formalaşdığını göstərir.

Prezident İlham Əliyev çıxışında nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığa da toxunub. O bildirib ki, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsi Azərbaycanı Naxçıvanla birləşdirəcək və eyni zamanda Orta Dəhlizin tərkib hissəsinə çevriləcək.

Dövlət başçısı Avropa Komissiyasına Ermənistan-Azərbaycan sülh prosesinə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Bununla yanaşı, bəzi Avropa institutlarının fərqli mövqe nümayiş etdirdiyini qeyd edib. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının fəaliyyətinə toxunan Prezident İlham Əliyev bildirib ki, bu qurumlar tərəfindən Azərbaycana qarşı ikili standartlar tətbiq olunur.

Prezident xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və uzun müddət bu təşkilatda fəal iştirak edib. Lakin 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinə sanksiyalar tətbiq olunub. Dövlət başçısı bunu 2023-cü ildə Azərbaycanın Qarabağda separatçılığa son qoyması ilə əlaqələndirib və bunun ədalətsiz yanaşma olduğunu vurğulayıb.

Avropa Parlamentinin fəaliyyətini də tənqid edən Prezident İlham Əliyev qeyd edib ki, son illər bu qurum tərəfindən Azərbaycan əleyhinə çoxsaylı qətnamələr qəbul olunub. Prezident İlham Əliyev qeyd edib ki, bu yanaşma sülh prosesinə dəstək vermək əvəzinə, əksinə, maneə yaradır. Buna cavab olaraq Azərbaycan parlamenti Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması ilə bağlı qərar qəbul edib.

Çıxışının sonunda Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanı Zirvə toplantısının Ermənistanda keçirilməsi münasibətilə təbrik edib və Azərbaycan tərəfinin sülh gündəliyinə sadiq qaldığını bir daha vurğulayıb. Dövlət başçısı Zirvə görüşünə uğurlar arzulayıb.

Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button