
Bu gün milli-mənəvi dəyərlərimizə, o cümlədən də aşıq sənəti ilə bağlı olan tarixi dəyərlərimizə ölkəmizdə böyük həssaslıqla yanaşılır və dövlət qayğısı göstərilir. 2009-cu ildə aşıq sənəti Azərbaycan xalqına məxsus bir inci kimi dünya sənət şedevrləri sırasında – UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 150 və 175 illik yubileylərinin dövlət səviyyəsində keçirilməsi, Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, fevralın 18-də Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncam imzalaması bunun əyani ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
Dövlət başçısı çıxış edərək Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılmasını çox əlamətdar bir gün olduğunu bildirərək bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etmişdir.
Aşıq Ələsgər bütün həyatı və yaradıcılığı boyu, haqqa, ədalətə, düzlüyə, imana, barışa, saflığa, məhəbbətə, sədaqətə, mənəvi təmizliyə nümunə olmuş və nümunəvi dəyərlər yaratmışdır.
Abidənin önəmli cəhətlərindən biri də məkan seçimi ilə bağlıdır. Abidə müəllifi xalq rəssamı Natiq Əliyevin dəqiq müşahidəsinə görə yer elə seçilib ki, günün bütün vaxtlarında abidənin üzərinə günəş şüaları düşür və Aşıq Ələsgər sənətinin işığını daim ürəklərə səpələyir. Aşıq Ələsgər təkcə Azərbaycan saz-söz sənətinin uca zirvəsi deyil, eyni zamanda türk dünyasının azman sənətkarı, saz sənətinə, sözə, türklüyə və islam ədəb-ərkanına ləyaqətlə xidmət etmiş, böyük məktəb yaratmış, bölgənin adını da öz adına və şöhrətinə layiq təmsil və tərənnüm etmiş, dövrünün Dədə ünvanını almış, el ağsaqqalı, ictimai xadimdir. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgər aşıq poeziyası klassiklərinin ənənələrini davam və inkişaf etdirərək, qoşma, gəraylı, təcnisləri, eləcə də yaratdığı yeni aşıq şeiri janrları ndan ibarət bədii irsi ilə şifahi söz sənətimizi zənginləşdirmiş, yüksək zirvəyə qaldırmışdır. Aşıq Ələsgər 1821-ci ildə qədim zamanlardan aşıq sənətinun, sazın və onun müşayiəti ilə yaradılan sözün məskəni olan Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əkinçilik, dülgərlik edən atası Alməmməd kişi bədahətən qoşma, gəraylı, bayatı demək bacarığına malik olmuş, hörmətli şəxs kimi el-oba içində sayılıb-seçilmişdir.
Aşıq Ələsgər təhsil almasa da, el şənlikləri onun üçün ilk məktəb rolunu oynamışdır. Uşaq yaşlarından saza, sözə məhəbbət bəsləmiş, el məclislərində aşıqlardan eşitdiklərini güclü yaddaşına həkk etmiş, onları istənilən anda söyləmək bacarığı ilə hamını heyrətləndirmişdir. Atası Ələsgəri aşıq sənətinin sirlərini, ədəb və mərifət qaydalarını öyrənmək üçün qızılvənğli ustad sənətkar Aşıq Alının yanında şəyirdliyə qoymuşdur. Öz ustadının xeyir-duası ilə Ələsgər əvvəlcə Göyçədə aşıqlıq etmiş, az müddət içərisində el-obada sənətkar kimi tanındıqdan sonra isə həm də İrəvan, Naxçıvan, Qazax, Qarabağ, Gəncə,, Kəlbəcərə el şənliklərinə dəvət edilmiş, şöhrəti hər tərəfə yayılmışdır.
Aşıq Ələsgər ustad sənətkar kimi tanındıqdan sonra özü də aşıq sənətini öyrənmək istəyən istedadlı gəncləri şəyirdliyə qəbul etmiş, xeyli sayda aşıq yetişdirmişdir. Aşıq Ələsgər yaradıcılığına həm folklor, həm də ədəbiyyat hadisəsi kimi baxmaq olar. Ustad aşığın yaradıcılığı birbaşa ədəbiyyat nümunələri ilə zəngindir. Onun şeirlərini təhlil etdikdə də bunu görmək olar. Xalqın əxlaq kodeksi, etnoqrafiyasından gələn milli-mənəvi keyfiyyətlər sənətkarın yaradıcılığında öz əksini tapıb. Aşıq Ələsgərlə bağlı Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında indiyə qədər çoxsaylı verilişlər yayımlanıb. Dövlət başçısının aşıq sənətinin zirvəsi olan Aşıq Ələsgər irsinə dərin ehtiramı, aşıq sənətinə diqqət və qayğısı mədəniyyət xadimləri, ziyalılar, aşıq sənətinin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir.
Natiq Mahmudov,
YAP Şuşa rayon təşkilatının fəalı



