AnalitikaGündəmSiyasət

20 Yanvar bizə azadlığın dəyərini xatırladır

20 Yanvar Azərbaycan xalqının tarixində həm dərin hüznün, həm də milli qürurun simvoluna çevrilmiş bir gündür. 1990-cı ilin 20 yanvar gecəsi sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində yüzlərlə dinc sakin amansızcasına qətlə yetirildi. Bu faciə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində qanla yazılmış bir səhifə oldu.

Həmin gecə tanklar, ağır hərbi texnika ilə silahsız insanlara hücum edildi. Qadın, uşaq, yaşlı demədən günahsız insanlar gülləbaran olundu. Məqsəd xalqın azadlıq istəyini boğmaq, milli iradəni sındırmaq idi. Lakin bu qanlı hadisə əks nəticə verdi: Azərbaycan xalqının mübarizə ruhunu daha da gücləndirdi, müstəqillik arzularını sarsıtmaq əvəzinə möhkəmləndirdi.
20 Yanvar şəhidləri öz canları bahasına xalqın şərəfini, ləyaqətini qorudular. Onların tökülən qanı Azərbaycan tarixində azadlıq yolunun əbədi məşəlinə çevrildi. Bu faciədən sonra xalq daha aydın şəkildə başa düşdü ki, müstəqillik asan qazanılmır və böyük qurbanlar tələb edir.
Bu gün hər il 20 Yanvar tarixində Azərbaycan xalqı şəhidlərini dərin ehtiramla yad edir. Şəhidlər Xiyabanına axışan minlərlə insan onların xatirəsi qarşısında baş əyir, ruhlarına dualar oxuyur. Bu, təkcə matəm günü deyil, eyni zamanda milli birlik və həmrəyliyin təzahürüdür.

20 Yanvar bizə azadlığın dəyərini xatırladır. Bu gün gənc nəsil həmin tarixi unutmamalı, şəhidlərin hansı amal uğrunda can verdiyini dərk etməlidir. Onların xatirəsi daim qəlbimizdə yaşayacaq, müstəqil Azərbaycan var olduqca 20 Yanvar şəhidlərinin adı da hörmət və ehtiramla anılacaq.

Ruhunuz şad olsun, Vətən oğulları və qızları. Sizin qanınızla yazılan müstəqillik tariximiz bizim ən böyük qürurumuzdur.

Günel Əlizadə,
Yeni Azərbaycan Partiyası məsləhətçi

Oxşar Xəbərlər

Back to top button