Şəhər günlərinin təsis edilməsi tarixi qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüslərdəndir. Artıq 4 ildir ki, torpaqlarımızın işğal deyil, azad olunduqları günləri böyük qürur hissi ilə qeyd edirik. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımlar sırasında dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis olunması xüsusi məna daşıyır. Bu mühüm sənəd özündə bugünümüz və gələcəyimizlə bağlı mühüm çağırışları ehtiva edir. Bu baxımdan ki, həm indiki, həm də gələcək nəsillər işğalçı Ermənistanın əsassız torpaq iddiasının nəticəsi olaraq yaranan keçmiş Qarabağ münaqişəsini, torpaqlarımızın işğalını və dövlətimizin qətiyyəti, xalqımızın birliyi, rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində 30 illik işğala son qoyulduğunu bilməli, tariximizi öyrənməli, Zəfərimizin qəhrəmanlarını unutmamalıdırlar. Dövlət başçısı İlham Əliyevin torpaqlarımızın azad olunduğu tarixləri məhz həmin ərazilərdə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə qeyd etməsi artıq ənənə halını alıb. Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Bir vaxtlar 29 oktyabr tarixi Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazıb. İkinci Qarabağ müharibəsində Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Ordumuz aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində 4 il əvvəl oktyabrın 20-də Zəngilanı işğaldan azad etməyə nail olub. 2020-ci il dekabrın 23-də isə Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaldıb. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Zəngilan şəhəri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri işğaldan azad edilib. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 20-də xalqa çatdırdı: “Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!
Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”
İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən vacib əhəmiyyət kəsb edir. Rayon rəşadətli Ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Bu da gələcək perspektivlər baxımından önəmlidir. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edilib. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alınıb. Bundan başqa, Qubadlı istiqamətindən gələ biləcək erməni qüvvələrinin mühasirəyə salınması və qısa zamanda təmizlənməsi asanlaşıb. Ermənistanın işğalına davam etməsi üçün İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu əhəmiyyətli idi. Zəngilanın işğaldan azad edilməsi ilə bu yolun əsas hissəsi Ordumuzun nəzarətinə keçdi, eyni zamanda, Qarabağ düyününün açılmasında həlledici oldu. Zəngilanın Bartaz, Sığırt, Şükürataz və daha beş adsız yüksəkliyinin azad olunması isə Ordumuza vizual üstünlük qazandırıb, təhlükələri önləyib.
Azərbaycan 44 günlük Vətən müharibəsi yekunlaşdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlayıb. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi olub. Bu Hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-da təməli qoyulan Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bundan əlavə, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Beləcə, ötən il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanıb. Böyük Qayıdışın da başlanğıcı olan bu proses tariximizdə çox yaddaqalan hadisə olub. Zəngilan rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyini dövlətimiz yüksək qiymətləndirib. Zəngilanda və rayonun strateji yerlərində aparılan döyüş əməliyyatlarında tarixi Qələbəyə imza atan Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin hərbi qulluqçuları Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə medallarla təltif ediliblər.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Hazırda Qarabağ və Şərqi Zəngəzurda yeni yollar çəkilir, ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, yaşayış binalarının təməlləri qoyulur. Böyük Qayıdışın təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi ilə paralel, ilkin mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir. Ordumuzun qazandığı Zəfər nəticəsində məcburi köçkünlər doğma yurdlarına qayıtmasına yaratdığı imkan nəticəsində işğaldan azad olunan ərazilərə həyat qayıdır, soydaşlarımızın rahat, müasir tələblərə cavab verən mənzillərlə təmin olunması üçün zəruri olan bütün tədbirlər görülür.
Hidayət Səmədov,
YAP Şuşa rayon təşkilatının fəalı



