Böyük Qayıdışın ünvanlarından biri – Kəlbəcər

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra qarşıda duran ən mühüm vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən Böyük Qayıdış proqramı dövlətimizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Kəlbəcər də bu proqramın əhatə etdiyi, xüsusi strateji və iqtisadi əhəmiyyətə malik bölgələrdən biridir. 25 noyabr Kəlbəcər Şəhəri Günü bu torpaqda yeni həyatın başlanmasını simvolizə edir.
Kəlbəcər sakinləri 1993-cü ildə baş verən işğaldan sonra uzun illər doğma yurdlarından uzaqda yaşamağa məcbur oldular. Məcburi köçkünlük həyatının çətinlikləri, doğma evlərə və torpaqlara həsrət onların yaddaşında dərin iz buraxdı. Buna baxmayaraq, kəlbəcərlilər öz milli-mənəvi dəyərlərini, ailə ənənələrini və doğma yurda bağlılıqlarını qoruyub saxladılar. Onların ən böyük arzusu bir gün Kəlbəcərə qayıtmaq idi.
2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Qələbə bu arzunun gerçəkləşməsinə imkan yaratdı. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Kəlbəcər 25 noyabr 2020-ci ildə işğaldan azad edildi. Bu tarixdən sonra dövlət qarşısında yeni vəzifə – azad edilmiş ərazilərin yenidən qurulması və sakinlərin doğma torpaqlarına qayıtması prioritet istiqamətə çevrildi.
Bu gün Kəlbəcərdə yaşayış evləri, yollar, elektrik və kommunikasiya xətləri, sosial obyektlər və digər infrastruktur layihələri həyata keçirilir. Müasir şəhərsalma prinsiplərinə uyğun hazırlanan inkişaf planları bölgənin gələcək simasını müəyyənləşdirir. Təhlükəsiz yaşayış mühitinin yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi və sosial xidmətlərin təşkili qayıdış prosesinin əsas şərtləridir. Dövlətin məqsədi sakinlərin doğma torpaqlarda rahat və təhlükəsiz həyat sürməsini təmin etməkdir.
Böyük Qayıdış yalnız insanların fiziki olaraq doğma yurdlarına dönməsi deyil, həm də tarixi yaddaşın, sosial həyatın və milli-mədəni irsin bərpasıdır. Kəlbəcərin yenidən qurulması bu baxımdan mühüm əhəmiyyət daşıyır. Kəlbəcər Şəhəri Günü xalqımızın qayıdış arzusunun reallığa çevrildiyini göstərir. Bu gün hər bir azərbaycanlı üçün azadlığın, quruculuğun və gələcəyə inamın təntənəsidir.
Bahadur Şahverdiyev,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 72 ” ərazi partiya təşkilatının sədri



