Kəlbəcərin azad edilməsi Azərbaycanın hərbi-siyasi qüdrətinin göstəricisidir

Kəlbəcərin işğaldan azad olunması Azərbaycanın müstəqil dövlət kimi formalaşdırdığı güclü siyasi və hərbi strategiyanın mühüm nəticələrindən biridir. 25 noyabr 2020-ci ildə rayonun Azərbaycana qaytarılması Vətən müharibəsində əldə edilmiş tarixi Qələbənin mühüm siyasi nəticəsi kimi yadda qaldı. Bu hadisə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və xalqımızın sarsılmaz birliyinin təcəssümü oldu.
Azərbaycan uzun illər ərzində Ermənistanın işğalçılıq siyasətinə qarşı beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq mübarizə aparıb. BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, Ermənistanın işğal siyasətinə son qoyulması üçün uzun müddət real addımlar atılmadı. Belə bir şəraitdə Azərbaycan öz hərbi və iqtisadi potensialını gücləndirərək milli maraqlarının müdafiəsi istiqamətində ardıcıl siyasət həyata keçirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun yüksək hazırlığını və müasir döyüş imkanlarını nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar nəticəsində torpaqlarımızın böyük hissəsi azad edildi. Kəlbəcərin qaytarılması isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın mühüm müddəalarından biri oldu. Noyabrın 25-də Azərbaycan bayrağının Kəlbəcərdə yenidən dalğalanması tarixi ədalətin bərpasının rəmzinə çevrildi.
Bu gün Kəlbəcərin hərbi-strateji əhəmiyyəti ilə yanaşı, iqtisadi və ekoloji potensialı da diqqət mərkəzindədir. Rayonun zəngin su ehtiyatları, mineral bulaqları, meşələri və dağlıq əraziləri ölkəmizin inkişafı üçün mühüm resurslardır. Dövlət tərəfindən həyata keçirilən infrastruktur layihələri Kəlbəcərin ölkənin digər bölgələri ilə əlaqəsini möhkəmləndirir, yeni iqtisadi imkanlar yaradır və bölgənin gələcək inkişafını təmin edir.
Kəlbəcər Şəhəri Günü Azərbaycan dövlətinin gücünü, xalqın iradəsini və milli birliyin əhəmiyyətini nümayiş etdirən əlamətdar tarixdir. Bu günün qeyd olunması gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, tarixi yaddaşın qorunması və Zəfər salnaməsinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Kəlbəcərin azadlığı Azərbaycanın güclü dövlətçilik tarixində silinməz iz qoymuşdur.
Sülhanə Nəsibova,
YAP Nizami rayon təşkilatının “Bəkir Çobanzadə küçəsi, 345” ərazi partiya təşkilatının sədr müavini



