Tarixi Ədalət Və Suverenlik Günü
Dövlətin ərazi bütövlüyünün təmin olunması təkcə siyasi-hüquqi akt deyil, həm də xalqın mənəvi baxımdan tarixi ədalətə qovuşmasıdır. 20 sentyabrda həyata keçirilən tədbirlər uzun illər ərzində Azərbaycan xalqına qarşı törədilmiş kütləvi hüquq pozuntularına, etnik təmizləməyə verilən ən qəti və adekvat cavab oldu. Prezident İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən bu tarixi missiya, illərdir pozulmuş milli qürurumuzu yerinə qaytardı.
Separatizmin siyasi və hərbi cəhətdən darmadağın edilməsi Cənubi Qafqazda “məğlubedilməzlik” miflərini alt-üst edərək sarsılmaz Azərbaycan dövlətçiliyi reallığını formalaşdırdı. Cinayətkar xunta rəhbərlərinin ədalət mühakiməsinə təslim edilməsi dövlətin cəza maşınının labüdlüyünü göstərdi. Prezident İlham Əliyev sübut etdi ki, heç bir kənar dəstək və qanunsuz silahlanma Azərbaycanın dövlət iradəsi qarşısında tab gətirmək iqtidarında deyil.
Böyük Qayıdış və sülh inşası prosesi tarixi ədalətin bərpasının praktiki təməllərini özündə birləşdirir. Azad olunmuş torpaqların sürətlə canlanması, məcburi köçkünlərin doğma ocaqlarına dönməsi dövlətin öz vətəndaşına sahib çıxmasının ali nümunəsidir. Prezident İlham Əliyev tərəfindən icra edilən quruculuq siyasəti Qarabağı nəinki bərpa edir, onu qlobal standartlara cavab verən inkişaf modelinə çevirir.
Gələcək nəsillər üçün 20 Sentyabr tarixi qüdrətli və bütöv Azərbaycanın mütləq simvolu olacaqdır. Dövlət Suverenliyi Günü tarixi ədalətin yalnız hərbi güc və siyasi qətiyyət hesabına əbədi bərqərar olunduğunun fəxarətli təntənəsidir.
Pərviz Həsənov,
YAP Nizami rayon təşkilatının fəalı



