AnalitikaDünyaGündəmSiyasət
Trend

Azərbaycan-Özbəkistan münasibətləri siyasi, iqtisadi və geostrateji məzmun daşıyan müttəfiqlik modelinə çevrilir

“Azərbaycan və Özbəkistan münasibətləri artıq ənənəvi dostluq çərçivəsindən çıxaraq siyasi, iqtisadi və geostrateji məzmun daşıyan müttəfiqlik modelinə çevrilir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, iki ölkə arasında əməkdaşlıq təkcə ortaq tarix və mədəni yaxınlığa deyil, konkret iqtisadi maraqlara və Avrasiyanın gələcək bağlantı arxitekturasına söykənir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini göstərən mühüm göstəricidir: “Bu tərəfdaşlığın iqtisadi dayaqları xüsusilə diqqət çəkir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 500 milyon dollar kapitalla yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti isə münasibətlərin ticarətdən birgə investisiya və istehsal modelinə keçdiyini göstərir. Energetika, avtomobil istehsalı, kənd təsərrüfatı, turizm və sənaye sahələrində layihələrin genişlənməsi qarşılıqlı iqtisadi asılılığı daha dayanıqlı edir. Əməkdaşlığın ən mühüm strateji istiqamətlərindən biri nəqliyyat və logistikadır. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi iki ölkəni Şərq–Qərb bağlantısının təbii tərəfdaşlarına çevirir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyası perspektivi Azərbaycanın tranzit və logistika mərkəzi kimi əhəmiyyətini daha da artıra bilər. Eyni zamanda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin inkişafı Xəzər hövzəsini gələcək enerji xəritəsinin mühüm elementlərindən birinə çevirir”.

“Müsahibənin daha geniş geosiyasi mesajı isə Azərbaycanın Mərkəzi Asiya ilə institusional inteqrasiyasının güclənməsidir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə əvvəllər “C5” kimi xarakterizə edilən formatın faktiki “C6” modelinə çevrilməsi Bakı ilə Mərkəzi Asiya arasında münasibətlərin yeni mərhələsini ifadə edir: “Azərbaycan–Özbəkistan müttəfiqliyi iki dövlət arasındakı münasibətdən daha geniş strateji məna qazanır. Formalaşan model Türk dünyasında iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat bağlantılarının, ortaq investisiyaların və siyasi koordinasiyanın güclənməsinə xidmət edir. Azərbaycan isə bu prosesdə Cənubi Qafqazı Mərkəzi Asiya və daha geniş Avrasiya məkanı ilə birləşdirən əsas strateji körpülərdən biri kimi mövqeyini möhkəmləndirir”.

Oxşar Xəbərlər

Back to top button