AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan-Özbəkistan münasibətlərində yeni zirvə 

2026-cı il avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına həyata keçirdiyi dövlət səfəri iki qardaş ölkə arasındakı strateji tərəfdaşlıq tarixində mühüm və dönüş nöqtəsi olan hadisələrdən biri kimi yadda qaldı. Paytaxt Daşkənddə yüksək səviyyədə qarşılanan Azərbaycan liderinin bu səfəri xalqlarımız arasında mövcud olan tarixi dostluq bağlarını daha da gücləndirməklə yanaşı, siyasi, iqtisadi, mədəni və humanitar müstəvilərdə əməkdaşlığı tamamilə yeni keyfiyyət mərhələsinə qaldırdı.

Daşkənddəki “Kuksaroy” Dövlət İqamətgahında rəsmi qarşılanma mərasimi ilə başlayan səfər çərçivəsində bir sıra mühüm tədbirlər və yüksək səviyyəli görüşlər keçirildi.

Azərbaycan və Özbəkistan Prezidentlərinin sədrliyi ilə keçirilən Ali Dövlətlərarası Şuranın 3-cü növbəti iclasında iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin gündəliyində duran məsələlər ətraflı müzakirə olundu.

Özbəkistan ilə Azərbaycan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında müstəsna xidmətlərinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ali dövlət mükafatımız olan “Heydər Əliyev” ordeni ilə təltif edildi. Həmçinin Özbəkistanla Azərbaycan arasında əbədi dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə Özbəkistan dövlətinin ən yüksək mükafatı – ən yüksək dərəcəli “Dostluq” ordeni təqdim edildi.

Səfər çərçivəsində imzalanan mühüm sazişlər, xüsusilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” iki ölkənin gələcək münasibətlərinin möhkəm hüquqi təməlini və strateji sarsılmazlığını bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin iştirakı ilə Daşkənddə Azərbaycanın Özbəkistanda həyata keçirdiyi bir sıra mühüm iqtisadi və sosial layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu. “Davr Bank” (Azərbaycan Beynəlxalq Bankının törəməsi), “Matanat-A” şirkətinin gips zavodu, eləcə də “Landau Education Group”a məxsus STEAM təmayüllü iki məktəb istifadəyə verildi. SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsi, “Agalarov Development” tərəfindən “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksi, “TuranAZ” şirkətinin “Baku City” yaşayış kompleksi, həmçinin qızıl-gümüş filizinin emalı fabriki və geniş meyvə bağları layihələrinin təməli qoyuldu.

Səfər zamanı təhsil və şəhərsalma sahəsində də əhəmiyyətli addımlar atıldı. Dövlət başçıları Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak etdilər. Həmçinin Özbəkistanın ən böyük şəhərsalma təşəbbüsü olan “Yeni Daşkənd” şəhərində “Azərbaycan” parkının təməlinin qoyulması xalqlarımızın qardaşlığının əyani simvoluna çevrildi.

Prezident İlham Əliyevin 23 avqust Özbəkistan səfəri göstərdi ki, Bakı və Daşkənd arasındakı münasibətlər sadəcə ikitərəfli tərəfdaşlıq deyil, bütün Türk dünyasının inteqrasiyasına və sabitliyinə xidmət edən mühüm geosiyasi və iqtisadi güc mərkəzidir. İmzalanan sənədlər və reallaşdırılan irimiqyaslı layihələr iki ölkənin gələcəyə birlikdə, inamla addımladığını təsdiqləyir.

“Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir.”- Prezident İlham Əliyev

Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button