AnalitikaGündəmSiyasət

Azərbaycan və Gürcüstan regionda etibarlı tərəfdaşdır

Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana səfəri zamanı verdiyi bəyanat Azərbaycan-Gürcüstan münasibətlərinin nə qədər möhkəm və strateji əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri əsrlərə dayanır və bu münasibətlər bu gün də uğurla davam edir. Tarixi bağlar iki xalq arasında qarşılıqlı hörmət və etimad yaradaraq dövlətlərarası əlaqələrin əsasını təşkil edir.

Hər iki ölkə beynəlxalq təşkilatlarda daim bir-birinin yanında olub, qarşılıqlı şəkildə ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bu həmrəylik Azərbaycan və Gürcüstanın regionda etibarlı tərəfdaş olduğunu göstərir. Eyni zamanda, ölkələr arasında iqtisadi əməkdaşlıq da ildən-ilə güclənir. Ticarət dövriyyəsinin artması, Azərbaycanın Gürcüstan iqtisadiyyatına qoyduğu böyük həcmdə sərmayələr bu əməkdaşlığın uğurlu nəticələridir.

Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi beynəlxalq layihələr hər iki ölkənin strateji rolunu artırır. Azərbaycan enerji resurslarının dünya bazarına çıxarılmasında Gürcüstan mühüm tranzit ölkə kimi çıxış edir. Prezident İlham Əliyev xüsusi bildirdib ki, Cənubi Qafqazda yeni bir mərhələ başlayır və region artıq əməkdaşlıq və sabitlik məkanına çevrilməkdədir. Bu prosesdə Azərbaycan və Gürcüstanın birgə fəaliyyəti mühüm rol oynayır. Dövlət başçısının çıxışı göstərdi ki, iki ölkə arasındakı münasibətlər gələcəkdə də inkişaf edəcək və regionun rifahına xidmət edəcək.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button