AnalitikaGündəm

BRİKS müasir dövrdə ən perspektivli platformadır

2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılan BRICS hökumətlərarası qurum kimi bu gün qlobal iqtisadiyyatın və siyasətin transformasiyasında mühüm rol oynayır. Hazırda 10 üzvü olan BRICS-in  builki Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. BRICS ölkələrinin təməl hədəfi daha ədalətli və balanslaşdırılmış qlobal nizam qurulmasıdır. Bu məqsədə çatmaq üçün quruma üzv ölkələr iqtisadi əməkdaşlığın artırılması, ticarət və maliyyə sahələrində yeni tərəfdaşlıqların inkişaf etdirilməsi, daha müstəqil iqtisadi strukturun yaradılması istiqamətində bir çox təşəbbüslər irəli sürürlər.  Azərbaycanın beynəlxalq arenada rolu getdikcə güclənir və bu, onun multilateralizm prinsipini əsas tutaraq çoxtərəfli diplomatiya yürütməsi ilə sıx bağlıdır. Ölkəmizin xarici siyasəti təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, həm də müxtəlif beynəlxalq təşkilatlar və platformalar vasitəsilə daha geniş diplomatik əlaqələr qurulur. Bu yanaşma Azərbaycanı qlobal siyasətdə mühüm dövlət kimi tanıdır, ölkənin beynəlxalq proseslərdə aktiv iştirakını təmin edir. Azərbaycanın beynəlxalq platformalardakı mövqeyi təkcə siyasi və iqtisadi deyil, eyni zamanda, ekoloji məsələlərdə də böyük əhəmiyyət daşıyır. Statistik məlumatlara əsasən, Azərbaycan 2023-cü ildə təxminən 35 milyon ton neft və 48 milyard kubmetr qaz ixrac edib. Ölkə Avropa İttifaqının qaz təchizatında mühüm rol oynayır və bu, xüsusilə BRICS ölkələri ilə enerji təhlükəsizliyi məsələlərində əməkdaşlıq perspektivlərini genişləndirir.

Azərbaycanın cari ilin noyabr ayında keçiriləcək COP29 kimi mötəbər beynəlxalq konfransa sədrliyi, ölkənin qlobal iqlim diplomatiyasında liderliyini təsdiqləyir. Bu sədrliyi vasitəsilə Azərbaycan Qlobal Cənub ölkələri ilə Qlobal Şimal arasında dialoq yaradaraq, iqlim dəyişikliklərinə qarşı birgə mübarizə imkanlarını genişləndirir. Ölkəmizin iqlim diplomatiyasındakı bu fəallığı, onu qlobal ekoloji problemlərin həllində mühüm aktor kimi tanıdır. COP29 ilə bağlı statistikaya əsasən, Azərbaycanın sədrliyi ilə keçiriləcək beynəlxalq tədbirə 190-dan çox ölkənin və 20 mindən çox nümayəndənin qatılması gözlənilir. Azərbaycanın iqlim diplomatiyasına yönələn səyləri çərçivəsində 2030-cu ilə qədər ölkənin istixana qazı emissiyalarını 35 faizə qədər azaltmaq öhdəliyi var. BRICS ölkələri də iqlim dəyişikliyi və ekoloji problemlərə qarşı mübarizədə mühüm ölkələrdir. Çin və Hindistan kimi ölkələr qlobal iqtisadiyyatın böyük payını təşkil edir və bu səbəbdən onların ekoloji strategiyaları beynəlxalq səviyyədə böyük təsir göstərir. Azərbaycan, COP29 çərçivəsində BRICS ölkələri ilə də iqlim siyasəti sahəsində əməkdaşlıq üçün yeni yollar axtarır. Bu kontekstdə Azərbaycanın iqlim və ekoloji sahələrdə qazandığı təcrübə BRICS ilə olan əlaqələrdə də yeni imkanlar yaradır. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Prezident İlham Əliyevin səfər çərçivəsində Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref,  Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik,  Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit, BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşləri oldu. Həmin görüşlərdə səsləndirilən fikirlər Azərbaycanın qlobal problemlərin həllinə böyük töhfələr verdiyini bir daha təsdiq etdi. Əsas diqqət göstərilən məsələlərdən biri məhz ölkəmizin gələn ay  COP29-a ev sahibliyi oldu. Dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda,  Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında çıxış etdi. Prezident İlham Əliyev çıxışında bir daha vurğuladı ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Qeyd edək ki,  builki Sammitin əsas mövzusu “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliyin gücləndirilməsi”dir. Sammitə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS Sammitinin əsas prinsipinin problemlərə qarşı müştərək həll yollarının axtarılması və mövcud böhranların idarə olunmasında kollektiv tədbirlərin həyata keçirilməsidir. Sammitin əsas məqamlarından biri də BRICS-in genişlənməsi, yeni üzvlərin qəbul edilməsidir. Bu, BRICS-in daha böyük beynəlxalq təşkilata çevrilməsi istiqamətində atılan vacib addımlardan biridir. Yeni üzvlər üçün “tərəfdaş dövlət” statusu yaradılması nəzərdə tutulur. Bu yanaşma, gələcəkdə BRICS-in daha çevik və daha genişmiqyaslı təşkilat olmasına imkan verəcək. Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika tərəfindən təsis edilən BRICS-ə daha sonra Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiya qoşulub. 2024-cü ildə bu təşkilatda sədrlik Rusiyaya keçib. BRICS Sammitinin gündəliyi təşkilatın bütün digər üzvlərinin maraqlarının üst-üstə düşdüyü iqtisadi məsələlərlə zəngindir. Hazırda on ölkəni – Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən BRICS-in Kazan Sammitinin dünya geosiyasətinin mərkəzi hadisəsinə çevriləcəyi gözlənilir. Belə ki, 30-a yaxın ölkə bu təşkilata üzv olmaq və ya “tərəfdaş dövlət” statusu almaq istəyini bəyan edib. Bunlar Azərbaycan, Əlcəzair, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuela, Vyetnam, Honduras, Zimbabve, İndoneziya, Qazaxıstan, Kuba, Küveyt, Mərakeş, Nigeriya, Nikaraqua, Pakistan, Seneqal, Suriya, Tailand, Türkiyə, Uqanda, Çad, Şri-Lanka, Ekvatorial Qvineya, Eritreya və Cənubi Sudandır. Sammitin mövzusuna diqqət yetirdikdə bu məsələnin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğu, ölkəmizin daim bu istiqamətdə çağırışlar etdiyi diqqətdən kənarda qalmır. Belə ki, Azərbaycan multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiyanı həyata keçirir. Regionda sülhün, təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması dövlətimizin xarici siyasətində xüsusi yer tutur. Bu isə öz növbəsində müxtəlif qütblərin bir araya gətirilməsində, yeni dostların, tərəfdaşların qazanılmasında Azərbaycanın rolunu daha da artırır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dostlarımızın bütün qitələrdə sayı artır.  Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir, edəcək. Bu qurum dünya ÜDM – nin həcmi baxımından ən böyük paya sahib olan və son onilliklərdə ən böyük iqtisadi artım göstərən ölkələr birliyidir. Lakin məsələ təkcə həcmdə deyil, həm də inkişaf dinamikasındadır və bütün bunlar nəzərə alınmalıdır. Müqayisə üçün deyək ki, 20 il əvvəl ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya kimi nəhəng dövlətlərin birləşdiyi birləşdirən qeyri-rəsmi beynəlxalq klub G7 (“böyük yeddilik”) dünyanın ümumi məhsulunun təxminən 45 faizinə malik idisə, indi bu rəqəm 25 faiz səviyyəsinə düşüb. BRİCS isə, əksinə, təsis olunduğu 2006-cı ildən keçən dövr ərzində 17-18 faizdən 35-37-faizədək ciddi bir sıçrayışa nail olub. Yəni, bu gün o, dünya iqtisadiyyatında çəki baxımından ən böyük beynəlxalq klubudur.

Bu baxımdan Azərbaycanın BRİCS-ə qoşulması ölkə iqtisadiyyatına əhəmiyyətli üstünlüklər gətirə bilər. Təşkilata üzvlüyün əsas aspektlərindən biri Azərbaycan malları üçün satış bazarlarının genişləndirilməsi imkanıdır. Rusiya, Çin, Hindistan və Braziliya kimi böyük iqtisadiyyatları olan BRİCS ölkələri xüsusilə enerji, kənd təsərrüfatı və emal sahələrində Azərbaycanın ixracına kömək edə bilər. Cənab İlham Əliyev tədbir iştirakçılarının diqqətini bu arealda və qurum daxilində ölkəmizin potensial imkanlarına yönəltmişdir: “Bu fonda Azərbaycan özünün unikal strateji mövqeyi sayəsində BRİCS ölkələrini infrastrukturun, nəqliyyat dəhlizlərinin və logistika mərkəzlərinin inkişafına cəlb edə bilər ki, bu da iqtisadi artımı gücləndirəcək. Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir”.

Natiq Mahmudov,
YAP Şuşa rayon təşkilatının fəalı            

Oxşar Xəbərlər

Back to top button