44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsi hesab edilir. Hər bir qarış torpağımızın azad edilməsi sözsüz ki, xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş oğullarımız bu gün böyük hörmət və ehtiramla yad edilir. Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə bir şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.
Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2 010 m, Pirdağ-1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1 075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılıb. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.
Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib. Möhtərəm Prezidentin 31 iyul 2023-cü tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəmcamına əsasən 25 oktyabr Qubadlı Şəhəri Günüdür. Vətən müharibəsinin ən həlledici məqamlarından biri, heç şübhəsiz ki, bu gün 4 -cü ildönümünü qeyd etdiyimiz Qubadlının işğaldan azad edilməsidir. Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə 23 dekabr 2020-ci ildə işğala son qoyulduqdan sonra Qubadlıya ilk səfərlərində dediyi kimi, “Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.
Qubadlının azad olunması ilə cənubdan icazəsiz yük daşımalarının həyata keçirildiyi Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində, habelə, İrandan Laçın rayonuna qədər olan hissədə Ermənistanla sərhədlərimiz üzərində nəzarət tam formada bərpa edildi.
Qubadlıda işğala son qoyulması ilə həm tarixi ədalət, həm də BMT Təhlükəsizlik Şurasının icra olunmayan 874 saylı və əvvəlki daha 2 qətnaməsinin yerinə yetirilməsi fonunda beynəlxalq hüquq təmin olundu. Bu gün quruculuq və bərpa işlərinin davam etdiyi Qubadlı cənab Prezidentin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonunun vacib regionu kimi ciddi iqtisadi perspektivlər vəd etməkdədir.
Hidayət Səmədov,
YAP Şuşa rayon təşkilatının fəalı



