
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunur. Bir vaxtlar şəhərlərimizin işğal günlərin qeyd edirdik. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!” Füzuli rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə yenidən qürur hissi yaşadıq. Çünki Sərəncamda da deyildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Artıq mənfur düşmənimiz üzərində qazandığımız şanlı Zəfərdən 4 il ötür. 30 ildir ki, məcburi köçkün həyatı yaşayan soydaşlarımız uzun həsrətdən sonra doğma torpaqlarının işğal günlərini deyil, düşmən tapdağından azad olunduğu günləri böyük fəxr və qürurla qeyd edirlər.
17 oktyabr 2020-ci il Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Çünki həmin gün Füzuli şəhəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tərəfindən düşmən tapdağından azad edildi. 44 günlük müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi. Bu gün şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində Füzuli şəhərində və işğaldan azad edilmiş bütün torpaqlarımızda şanlı bayrağımız dalğalanır və əbədi dalğalanacaq. Bu gün fəxrlə deyə bilərik ki, Füzuli dirçəlir, Füzuliyə həyat qayıdır. Bu gün Füzuli şəhərində, eyni zamanda işğaldan azad edilmiş digər torpaqlarımızda icra edilən infrastruktur layihələri Azərbaycanın potensialını göstərir, eyni zamanda iqtisadi gücümüzü təcəssüm etdirir.
Natiq Mahmudov,
YAP Şuşa rayon təşkilatının fəalı



