
Vətən müharibəsinin 21-ci günü – 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.
2020-ci il sentyabrın 27-də erməni silahlı qüvvələri növbəti genişmiqyaslı təxribat törətdi. Elə həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə “Dəmir yumruq” əməliyyatına başlandı. Müharibənin ilk günündə Füzuli istiqamətində Horadiz, Qərvənd, Qaraxanbəyli kəndlərinin, Cəbrayılda isə Böyükmərcanlı, Nüzgar kəndlərinin, Kəlbəcərdə Murovdağ zirvəsinin azad edilməsi düşmən cəbhəsinin yarılması ilə nəticələndi. Düşmənin keçilməz “Ohanyan səddi” adlandırdığı istehkam xətti qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində bir neçə saat ərzində yarıldı.
Davam edən uğurlu hərbi əməliyyatlar və Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində oktyabrın 3-də cəbhənin cənub-şərq istiqamətində Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Tərtərin Suqovuşan və Talış kəndləri düşməndən təmizləndi. Növbəti gün Cəbrayıl şəhəri, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl, Karxulu, oktyabrın 5-də isə Şıxalıağalı, Sarıcallı və Mərəzə kəndləri azadlığa qovuşdu. Artıq erməni hərbçilərinin Füzulidəki təminat yollarını sıradan çıxarmağın vaxtı çatmışdı. Oktyabrın 9-da Azərbaycan Ordusunun yüksək dəqiqliklə apardığı hərbi əməliyyatlar nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sor kəndi, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qaracallı, Əfəndilər və Süleymanlı kəndlərinin azad edilməsi düşmən arxasına keçməyə əlverişli şərait yaratdı. Düşmən təlaşla arxadan dəstək gözləyirdi. Oktyabrın 14-də isə əlverişli yüksəkliklər və mövqelər – Füzuli rayonunun Qarakollu, Xatınbulaq, Qaradağlı kəndləri, Xocavəndin Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü və Tağaser kəndləri azad olundu. Növbəti gün aparılan hərbi əməliyyatlar zamanı Xocavəndin Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri, Füzulinin Arış, Cəbrayılın isə Doşulu kəndləri düşməndən təmizləndi.Füzuli əməliyyatına bir gün qalırdı. Hələ azad olunası bir neçə yüksəklik vardı. Xocavəndin Xırmancıq, Ağbulaq, Axullu kəndləri də Azərbaycan Ordusunun nəzarətinə keçdi və beləliklə, Füzuli şəhəri mühasirəyə alındı. Nəhayət, oktyabrın 16-dan 17-nə keçən gecə şəhərin azad olunması əməliyyatını yerinə yetirmək vaxtı çatmışdı. Əsgərlərimiz qarşıya qoyulan əməliyyat planının sonuncusunu da uğurla yekunlaşdırdılar – Füzuli şəhəri, Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli ətraf kəndləri azadlığa qovuşdu. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 17-də Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırması isə hər birimizi qürurlandırdı. Bu müqəddəs amal uğrunda canlarını fəda edənlər şəhidlərimiz, qazilərimiz oldu. Məhz onların sayəsində bu gün Qarabağımız azaddır, yenidən qurulur.
Alkərəmova Şəhla,
YAP Şuşa rayon təşkilatının fəalı



