GündəmAnalitikaSiyasət

Zəfər Yolunda: Özbək İdmanının Qlobal İrəliləyişi

Özbəkistan son illərdə idman sahəsində nümunəvi inkişaf mərhələsi yaşayır. Prezident İlham Əliyev 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı keçirilən mətbuat konfransında bu uğurları alqışlayaraq, Özbəkistanın beynəlxalq idman arenalarında qazandığı nailiyyətlərin diqqətlə izlənildiyini və böyük məmnunluq doğurduğunu qeyd etdi. Onun sözlərinə görə, bu nəticələr gənc nəslin sağlam, vətənpərvər və məqsədyönlü ruhda yetişməsinin təzahürüdür.

Özbək idmançıları olimpiya və dünya səviyyəli yarışlarda uğurla çıxış edir, medal sıralarında ölkələrini ön sıralara daşıyırlar. Bu yüksəliş təsadüfi deyil – dövlət səviyyəsində həyata keçirilən siyasət, idman infrastrukturunun təkmilləşdirilməsi və məşqçi hazırlığı sahəsində atılan addımlar bu uğurların əsasını təşkil edir. Prezident Mirziyoyevin idmana və gənclərə verdiyi xüsusi diqqət ölkə daxilində bu sahəyə marağı artırıb.

Azərbaycan ilə Özbəkistan arasında idman əməkdaşlığının genişlənməsi də nəzərdə tutulur. Birgə turnirlər, mübadilə proqramları və regional idman forumları iki ölkənin təcrübə və uğurlarını paylaşması üçün mühüm platforma yaradır. Prezident Əliyev bu təşəbbüslərin gələcək nəsillərin dostluq və həmrəylik ruhunda yetişməsinə xidmət edəcəyini qeyd etdi.

Əliyev çıxışında bildirdi ki, Özbəkistanın idmanda əldə etdiyi uğurlar bütövlükdə Türk dünyasının idman həyatına dinamizm qazandırır. O, gələcəkdə daha böyük zəfərlərin qazanılacağına inandığını bildirərək, bu inkişaf yolunda Özbəkistan xalqını təbrik etdi.

Ləman Məmmədova
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button