
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Prezidentin çıxışında səslənən fikirlər, xüsusilə də Tramp–Vens administrasiyasına ünvanlanan təşəkkür və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması faktı, Bakı ilə Vaşinqton arasında formalaşan qarşılıqlı etimad mühitinin göstəricisidir. Bu səfər yalnız diplomatik protokol çərçivəsində həyata keçirilən rəsmi görüş deyil, həm də regional və qlobal proseslər fonunda xüsusi siyasi məna daşıyan hadisədir. Prezident İlham Əliyev çıxışında ABŞ administrasiyasının Azərbaycana olan müsbət münasibətini yüksək qiymətləndirərək bunun ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini vurğuladı. Bu məqam, xüsusilə indiki mürəkkəb beynəlxalq şəraitdə diqqətəlayiqdir. Cənubi Qafqaz regionu geosiyasi maraqların toqquşduğu, enerji təhlükəsizliyi və nəqliyyat marşrutları baxımından strateji əhəmiyyət daşıyan məkandır. Belə bir kontekstdə ABŞ kimi qlobal gücün Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması altı ay davam edən intensiv danışıqların nəticəsidir.
Prezidentin qeyd etdiyi kimi, altı ay əvvəl Vaşinqtonda Prezident Trampla keçirilən tarixi görüş bu prosesin əsasını qoymuşdur. Həmin görüşdə işçi qrupunun yaradılması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi iki ölkə arasında sistemli və institusional əməkdaşlığın formalaşmasına təkan verdi. Xartiya yalnız siyasi niyyətlərin bəyanı deyil, konkret fəaliyyət planlarını və prioritet istiqamətləri özündə ehtiva edən strateji sənəddir. Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Enerji təhlükəsizliyi bu münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və ABŞ bu siyasəti daim dəstəkləyib. Yeni mərhələdə isə əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Müdafiə və təhlükəsizlik, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, yaşıl enerji, ticarət və investisiyalar kimi sahələr də prioritet istiqamətlər sırasındadır. Bu, tərəfdaşlığın çoxşaxəli və davamlı xarakter aldığını göstərir. Siyasi baxımdan isə bu sənəd Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət kursunun uğurunu təsdiqləyir. Rəsmi Bakı həm region ölkələri, həm də qlobal güclərlə qarşılıqlı hörmət və milli maraqlara əsaslanan münasibətlər qurmağa nail olub. ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərin bərabərhüquqlu və qarşılıqlı fayda prinsipi əsasında inkişaf etdiyini göstərir. Prezident İlham Əliyevin bəyanatında vurğulanan “çox müsbət münasibət” ifadəsi məhz bu qarşılıqlı etimadın siyasi ifadəsidir. Bu səfərin regional təhlükəsizlik kontekstində də əhəmiyyəti böyükdür. Azərbaycan postmünaqişə dövründə Cənubi Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın təşviqi istiqamətində fəal rol oynayır. ABŞ-ın bu proseslərə konstruktiv yanaşması və Azərbaycanla sıx dialoqu regionda sabitliyin möhkəmlənməsinə töhfə verə bilər. Xüsusilə nəqliyyat-kommunikasiya layihələri, o cümlədən Orta Dəhlizin inkişafı kimi təşəbbüslər qlobal iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir. Nəticə etibarilə, Vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfəri və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin mətbuata bəyanatı isə bu mərhələnin siyasi-fəlsəfi əsaslarını və perspektivlərini aydın şəkildə ortaya qoyur. Azərbaycan–ABŞ əlaqələrinin inkişafı təkcə iki ölkənin maraqlarına deyil, eyni zamanda regional sabitliyə və beynəlxalq əməkdaşlığa xidmət edən mühüm amildir. Bu əməkdaşlıq qarşılıqlı etimad, hörmət və strateji baxış üzərində qurulduğu üçün uzunmüddətli və dayanıqlı xarakter daşıyacağı şübhəsizdir.
İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi



