
YAP VIII Qurultayı Azərbaycanın son illərdə nümayiş etdirdiyi milli həmrəyliyin siyasi institutlar səviyyəsində daha da möhkəmləndirilməsi baxımından mühüm hadisədir. Milli həmrəylik xüsusilə dövlətin taleyi üçün həlledici məqamlarda özünü göstərən ictimai gücdür. Qarabağ məsələsində Azərbaycan cəmiyyətinin vahid mövqedən çıxış etməsi ölkənin siyasi iradəsinin gücünü nümayiş etdirdi. Bu birlik hərbi və diplomatik uğurların sosial-siyasi əsaslarından biri oldu.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mühüm istiqamətlərindən biri cəmiyyəti parçalanmalardan qorumaq və ümummilli maraqlar ətrafında birləşdirmək idi. Ulu Öndər Heydər Əliyev müxtəlif siyasi baxışlara, sosial mövqelərə və dünyagörüşlərinə malik vətəndaşların vahid dövlətçilik məkanı daxilində birləşməsinə xüsusi əhəmiyyət verirdi. Bu yanaşma azərbaycançılıq ideyasının siyasi və ictimai mahiyyətini daha da gücləndirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətdə milli həmrəylik xüsusilə Vətən müharibəsi dövründə özünün ən yüksək ifadəsini tapdı. “Dəmir yumruq” ətrafında formalaşan birlik Azərbaycan xalqının milli iradəsinin siyasi gücə çevrilməsinin simvoluna çevrildi. Müharibədən sonra isə həmin birlik quruculuq, Böyük Qayıdış və davamlı sülh gündəliyinin həyata keçirilməsi üçün yeni məzmun qazandı.
YAP VIII Qurultayı milli həmrəyliyin yalnız tarixi qələbələr zamanı deyil, gündəlik dövlət quruculuğu prosesində də qorunmasının vacibliyini göstərir. İqtisadi inkişaf, sosial rifah, təhsil, gənclər siyasəti, informasiya təhlükəsizliyi və regional inkişaf kimi məsələlər ümumi milli məqsədlər ətrafında geniş ictimai konsensus tələb edir. Siyasi partiyanın əsas vəzifələrindən biri bu konsensusun möhkəmləndirilməsinə töhfə verməkdir.
Milli həmrəylik dövlətin daxili gücünün əsas göstəricilərindəndir. YAP VIII Qurultayı qarşıdakı mərhələdə bu həmrəyliyin daha yüksək siyasi mədəniyyət və ictimai məsuliyyət səviyyəsinə qaldırılması üçün imkan yaradır. Tarixi Zəfər zamanı formalaşan birlik indi inkişaf, sülh və quruculuq məqsədləri ətrafında davamlı siyasi həmrəyliyə çevrilməlidir. Azərbaycanın gələcək uğurları da bu milli birlik potensialının düzgün istiqamətləndirilməsindən asılı olacaq.
Sevinc Bayramova,
YAP Nizami rayon təşkilatının “C.Naxçıvanski küçəsi, 160” ərazi partiya təşkilatının sədri



