
YAP VIII Qurultayı Azərbaycanın siyasi müstəqilliyinin iqtisadi və maliyyə dayaqlarının möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Siyasi müstəqilliyin davamlı olması üçün dövlətin öz iqtisadi qərarlarını müstəqil qəbul edə bilməsi vacibdir. İqtisadi suverenlik məhz bu imkanın əsasını təşkil edir. Azərbaycanın son illərdə yaratdığı maliyyə imkanları dövlətin qlobal və regional çağırışlar qarşısında daha dayanqlı mövqe tutmasına şərait yaradıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətdə makroiqtisadi sabitlik mühüm prioritetlərdən biri olub. Dövlət büdcəsinin dayanqlılığı, strateji valyuta ehtiyatlarının artırılması, dövlət borcunun idarə olunması və maliyyə sisteminin sabitliyi Azərbaycanın iqtisadi müstəqilliyini gücləndirən əsas amillərdəndir. Bu göstəricilər ölkənin həm daxili inkişaf proqramlarını, həm də iri infrastruktur layihələrini maliyyələşdirmək imkanlarını artırır.
İqtisadi suverenlik həm də xarici təsirlərə qarşı dayanqlılıq deməkdir. Qlobal bazarlarda enerji qiymətlərinin dəyişməsi, maliyyə böhranları, təchizat zəncirlərində problemlər və geosiyasi risklər milli iqtisadiyyatlar üçün ciddi sınaqlar yaradır. Azərbaycanın iqtisadi ehtiyatlarının və maliyyə imkanlarının mövcudluğu belə dövrlərdə dövlətin sosial və investisiya siyasətini davam etdirməsinə şərait yaradır.
Milli iqtisadiyyatın şaxələndirilməsi də maliyyə dayanqlılığının əsas şərtlərindən biridir. Neft-qaz gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi, sənaye, kənd təsərrüfatı, turizm, logistika, rəqəmsal iqtisadiyyat və yaşıl enerji sahələrinə investisiyaların artırılması iqtisadi riskləri azaltmağa imkan verir. Bu proses uzunmüddətli perspektivdə Azərbaycanın iqtisadi suverenliyini daha da gücləndirəcək.
YAP VIII Qurultayı iqtisadi suverenlik məsələsinin siyasi mahiyyətini cəmiyyətə çatdırmaq baxımından mühüm platformadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan iqtisadi siyasətin əsas məqsədlərindən biri güclü və dayanqlı milli iqtisadiyyat yaratmaqdır. YAP qarşıdakı dövrdə iqtisadi savadlılığın artırılması, sahibkarlığın təşviqi və iqtisadi inkişaf strategiyasının cəmiyyətə izah edilməsi istiqamətində daha fəal fəaliyyət göstərə bilər.
Yasəmən Səfərova,
YAP Nizami rayon təşkilatının “İ.Məmmədov küçəsi, 53” ərazi partiya təşkilatının sədr müavini



