AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində insanlığa qarşı misli görünməmiş bir cinayət törədildi. Ermənistan silahlı qüvvələri şəhəri tam mühasirəyə alaraq dinc əhaliyə qarşı amansız qətliam həyata keçirdi. Həmin gecə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı şəxs vəhşicəsinə qətlə yetirildi. Yüzlərlə insan ağır yaralandı, minlərlə sakin isə öz doğma yurdundan didərgin düşdü. Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə yazıldı. Bu soyqırımı sadəcə müharibənin nəticəsi deyil, erməni millətçilərinin azərbaycanlılara qarşı illərlə davam edən etnik təmizləmə siyasətinin davamı idi. Xocalı əhalisi aylarla blokada şəraitində saxlanılmış, şəhərə ərzaq və tibbi yardımın çatdırılmasına imkan verilməmişdi. Hücum zamanı silahsız sakinlər qaçaraq meşələrə, çaylara üz tutmuş, lakin kütləvi şəkildə güllələnmişdilər. Xarici jurnalistlərin çəkdikləri foto və videomateriallar bu faciənin miqyasını bütün dünyaya nümayiş etdirdi.

Xocalı faciəsinin beynəlxalq miqyasda soyqırımı kimi tanınması Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində müxtəlif ölkələrdə anım tədbirləri keçirilir, parlamentlərdə bu faciə ilə bağlı qətnamələr qəbul edilir. Lakin hələ də bir çox beynəlxalq təşkilat bu cinayəti lazımi şəkildə qiymətləndirməmişdir. Azərbaycan hökuməti və diaspor təşkilatları bu istiqamətdə mübarizəsini davam etdirir.

Xocalı qurbanlarının qanı yerdə qalmadı. 2020-ci ildə Müzəffər Azərbaycan Ordusu Qarabağı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Xocalı soyqırımı unudulmadı və gələcək nəsillərə ötürüləcək bir yaddaş olaraq yaşamağa davam edəcək. Hər il fevralın 26-da bu faciənin qurbanları dərin hüznlə anılır, onların xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayır.

Məmmədova Ləman,
YAP Xəzər rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Back to top button