Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətinə üz tutub. Pusquya yatan ermənilər isə dinc sakinləri amansızcasına gülləbaran ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, “bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından hesab olunur”. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” deyən ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Xocalı soyqırımı amansız beynəlxalq cinayətdir. Xalqımıza qarşı yönəldilmiş bu cinayət hadisəsinin dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır.
Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olunub və Qarabağ münaqişəsi arxada qalıb. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 2024-cü ilin fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Xocalı rayonu ərazisində də baş tutub. Xocalı faciəsində iştirak etmiş hərbi xunta rejiminin başçıları tutularaq Bakıya gətirilib və hazırda Azərbaycan qanunları ilə sorğulanırlar. Həmçinin 2024-cü ildə yeni inşa olunan Xocalı şəhərinə tarixi yurd yerindən qovulan insanların geri dönüşü ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı “Böyük Qayıdış” Dövlət Proqramında əksini tapan qərarlar icra olunmaqdadır.
Vəfa Əliyeva,
18 saylı uşaq poliklinikasının baş həkimi