2025-ci ilin iyul ayında Azərbaycanın Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti təkcə iqtisadi gündəmlə məhdudlaşmayaraq, Cənubi Qafqazın geosiyasi reallıqlarında mühüm dönüş nöqtəsi oldu. Bu mötəbər tədbir işğaldan azad edilmiş Xankəndidə beynəlxalq səviyyəli ilk böyük toplantı kimi tarixə düşdü. Sammit həm regional əməkdaşlığa yeni impuls verdi, həm də Azərbaycanın sülh və quruculuq istiqamətində atdığı addımların mühüm diplomatik göstəricisinə çevrildi.
Xankəndidə sammitin keçirilməsi təsadüfi seçim deyildi. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsindən sonra bu şəhər ilk dəfədir ki, yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi edir. Bu fakt beynəlxalq ictimaiyyətə Azərbaycanın suveren hüquqlarının tanındığını, sülh və bərpa yolunda atdığı addımların dəstəkləndiyini bir daha göstərdi. Sammitə İƏT-ə üzv 10-dan çox ölkənin dövlət və hökumət başçıları, xarici işlər və iqtisadiyyat nazirləri, eləcə də beynəlxalq müşahidəçilər qatılmışdı. Bu, həm İƏT çərçivəsində qarşılıqlı inamın, həm də Azərbaycanın regionda oynadığı rola olan etimadın göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitin açılış mərasimində çıxışı zamanı Qarabağda və xüsusilə də Xankəndidə aparılan bərpa və quruculuq işlərinə diqqət çəkdi. O, bildirdi ki, Azərbaycan bu torpaqlarda müasir texnologiyalar əsasında şəhərsalma layihələrini həyata keçirir, “ağıllı şəhər”, “yaşıl enerji”, “dayanıqlı inkişaf” prinsiplərini əsas tutur. Xankəndi sammiti çərçivəsində iqtisadiyyat, nəqliyyat, energetika, kənd təsərrüfatı, ticarət, rəqəmsallaşma və ekologiya sahələrində müzakirələr aparıldı. Gündəlikdə əsas diqqət bu sahələrdə regional əməkdaşlığın gücləndirilməsinə yönəlmişdi.
Sammitin sonunda imzalanan “Xankəndi Bəyannaməsi” İƏT çərçivəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsini nəzərdə tutur. Bu bəyannamədə: Azərbaycanın təşəbbüsü ilə İƏT çərçivəsində regional enerji təhlükəsizliyinin təmin edilməsi və yaşıl enerji mənbələrinə keçidin sürətləndirilməsi mövzusunda xüsusi panel keçirilmişdir. Qarabağda inşa edilən Günəş və Su elektrik stansiyalarının təqdimatı nümayəndələr tərəfindən maraqla qarşılandı.
Həmçinin, Zəngəzur dəhlizi layihəsinin İƏT məkanında nəqliyyat şəbəkələrinin inteqrasiyasına töhfə verəcəyi vurğulandı və bu təşəbbüsə dəstək ifadə edildi. Sammit iştirakçıları Xankəndidə aparılan bərpa işləri ilə tanış oldular. Onlara yeni salınan yaşayış məhəllələri, infrastruktur layihələri, məktəblər, xəstəxanalar və “ağıllı idarəetmə” texnologiyaları barədə təqdimatlar edilib. Qonaqlar, həmçinin, Xankəndi Beynəlxalq Hava Limanının fəaliyyəti ilə tanış oldular.
Bir sıra ölkələrin nümayəndələri öz çıxışlarında Xankəndidəki inkişaf səviyyəsini “qısa müddət ərzində möcüzəvi dəyişiklik” kimi qiymətləndirdilər və Azərbaycanın quruculuq iradəsinə yüksək dəyər verdilər.
Xankəndidə keçirilmiş İƏT sammiti Azərbaycanın Qarabağda sülh, bərpa və inkişaf istiqamətində atdığı addımların beynəlxalq səviyyədə qəbul və təqdir olunduğunu göstərdi. Bu tədbir sübut etdi ki, regionda davamlı sülh yalnız bir ölkənin deyil, bütün regionun rifahına xidmət edir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra bölgədə yeni əməkdaşlıq imkanları yaradıb və bu sammit bunun bariz nümunəsinə çevrildi.
İƏT-in Xankəndidəki bu tarixi sammiti regional iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu, Azərbaycanın isə bu prosesin önündə olduğunu bir daha təsdiqlədi.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi