
2025-ci il iyulun 4-də Azərbaycan Respublikasının Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünün keçirilməsi təkcə regional diplomatik hadisə deyil, həm də beynəlxalq səviyyədə mühüm siyasi və simvolik məna daşıyan bir tarixi dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Qarabağ 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin mərkəzində dayanan bir coğrafiya idi. 2020-ci ildə Azərbaycan Ordusunun tarixi Zəfəri və 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkə ərazi bütövlüyünü tam bərpa etdi. Bu proseslərlə yalnız hərbi və siyasi baxımdan deyil, həm də diplomatik və hüquqi müstəvidə yeni bir dövr başladı. Xankəndi şəhərinin suveren Azərbaycan dövlətinin tam nəzarəti altına keçməsi, dövlətin gücünü və qətiyyətini göstərdi. Məhz bu kontekstdə, İƏT Zirvə Görüşünün Xankəndidə keçirilməsi, həm ölkədaxili, həm də beynəlxalq ictimaiyyətə çox mühüm bir mesaj verir. Zirvə görüşünün məhz Xankəndidə təşkili təsadüfi deyil. Bu addım, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyatın tam bərpa olunduğunu, sabitliyin, təhlükəsizliyin və inkişafın təmin edildiyini nümayiş etdirir. Bu, eyni zamanda, separatizmə və qanunsuz silahlı dəstələrə qarşı dövlətin qəti mövqeyinin və uğurlu nəticələrinin göstəricisidir. Cənab Prezident İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi, bu görüş Azərbaycanın suverenliyinin, müstəqilliyinin və siyasi iradəsinin təsdiqidir. Dövlət başçısı vurğuladı ki, Azərbaycan bundan sonra da regionda sabitlik, əməkdaşlıq və davamlı inkişaf üçün təşəbbüskar rolunu davam etdirəcək. İƏT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Xankəndiyə səfəri və orada keçirilən Zirvə görüşü beynəlxalq aləmdə Azərbaycanın Qarabağda apardığı bərpa və quruculuq işlərinin real nəticələrini birbaşa görmək üçün unikal fürsət oldu. Qonaqlara təqdim olunan layihələr, infrastruktur obyektləri, yeni yollar, məktəblər, yaşayış məntəqələri və ekoloji layihələr Azərbaycanın müharibədən dərhal sonra bölgəni yenidən həyata qaytardığını göstərdi. Bununla yanaşı, görüş zamanı müzakirə olunan iqtisadi və strateji əməkdaşlıq məsələləri də Xankəndinin artıq yalnız Azərbaycanın deyil, ümumilikdə regionun iqtisadi həyatında mühüm rol oynamağa başladığını sübut etdi. Xankəndi bu görüşlə təkcə siyasi gündəmin yox, eyni zamanda regional iqtisadi planların mərkəzinə çevrildi. Zirvə görüşü həm də Azərbaycanın regionda artan geosiyasi çəkisinin göstəricisidir. Xankəndidə keçirilmiş İƏT Zirvə Görüşü Azərbaycanın diplomatik tarixində mühüm mərhələdir. Bu, ölkənin əldə etdiyi tarixi Qələbənin beynəlxalq miqyasda qəbul edildiyini, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul olunduğunu, bölgənin yeni inkişaf və əməkdaşlıq mərkəzinə çevrildiyini nümayiş etdirir.
Bəhruz Rüstəmov
Yeni Azərbaycan Partiyası, məsləhətçi